BİZNES

09 Fevral

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsinin icrasının fəallaşdırılması barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan 2022-2027-ci illər üçün “dar boğazlar”ın aradan qaldırılması və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üzrə Yol Xəritəsinin icrasının fəallaşdırılması barədə razılığa gəliblər.

Fins.az Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepovla Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri arasında aparılan danışıqlarda müzakirə olunub.

Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin üçüncü ölkələr üçün icazə kvotasının artırılması, Kurık limanında dibdərinləşdirmə işlərinin aparılması zərurəti, vaqonların yüklənməsini və boşaldılmasını təmin edən lokomotivlərin sayının artırılması məsələlərini də müzakirə ediblər.

“Dar boğazlar”ın aradan qaldırılması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Yol Xəritəsinin icrası çərçivəsində tərəflər dəhlizin imkanlarının genişləndirilməsi üzərində fəal işləyirlər. Qazaxıstan regionda nəqliyyat və tranzit potensialının inkişafı və nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi üçün səylər göstərir”, - o bildirib.

Vurğulanıb ki, tərəflər Qazaxıstan və Azərbaycan arasında hökumətlərarası Komissiyanın növbəti iclasının tarixi barədə də razılığa gəliblər. İclas 2024-cü il martın 6-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

Fuad Mədətov
Fins.az