BİZNES

08 Fevral

Naxçıvanda 500 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib - STATİSATİKA

Ötən ay Naxçıvan Muxtar Respublikasında 740 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Fins.az-a bildirilib ki, texniki sənədlərin hazırlanması zamanı 173 əmlaka dair texniki pasport, 327 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə, 500 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.

İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 58 daşınmaz əmlak obyektinə ünvan verilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 115 arayış verilib, notariat ofislərinə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında 499 halda elektron məlumat göndərilib.

Hesabat ayı ərzində operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 139, notariat ofisləri tərəfindən 145 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək, icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Cari ilin ilk ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 462 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin Xidmət tərəfindən hazırlanan 700 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə yerləşdirilib.

Müvafiq dövrdə təşkil olunan səyyar xidmətlər zamanı Şərur rayonunun Kosacan və Oğlanqala, Babək rayonunun Qaraqala və Şıxmahmud, Ordubad rayonunun Dizə və Dəstə, Culfa rayonunun Qızılca, Şahbuz rayonunun Biçənək kəndlərində vətəndaşlara xidmət göstərilib.

Fuad Mədətov
Fins.az