BİZNES

08 Fevral

Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici tədbirlər keçiriləcək

Sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini KOBİA-ya təqdim edə bilərlər.

KOBİA-dan Fins.az-a verilən məlumata görə, fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığın inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış kimi mövzuları əhatə edəcək. Tədbirlər Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda olmaqla onlayn və oflayn formatlarda təşkil olunacaq.   

Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən sahibkarlar tədbirlərin keçiriləcəyi tarix, yer və digər məlumatları Agentliyin rəsmi internet səhifəsindən əldə edə (//smb.gov.az/az/events?slug=gorus), tədbirlə bağlı sualları yaranarsa əlaqələndirici şəxslərə müraciət edə bilərlər.

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarlar müvafiq sahələrdə dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırılacaq, biznes subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcəkdir. 

KOBİA sahibkarları fevral ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə və məlumatlandırmaya ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).

Fuad Mədətov
Fins.az