2023-cü ildə “AzerGold” QSC qiymətli məhsulların pərakəndə satış bazarında da fəaliyyətini uğurla davam etdirib. Pərakəndə bazarın inkişafını diqqətdə saxlamaqla yanaşı, sikkə nümunələrinin ehtiva etdiyi milli-mədəni, tarixi-mənəvi dəyərləri təbliğ etmək də əsas öhdəliyimizdir.
Fins.az-ın məlumatına görə, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O, bildirib ki, Səhmdar Cəmiyyət ölkədə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında “100 il və onun fövqündə bir irs” adlı limitli sayda unikal qızıl sikkənin istehsalını və təqdimatını həyata keçirib. “Smartminting” texnologiyası ilə 999.9 əyarlı qızıl sikkəyə 3 ölçülü relyef verilib.
Z.İbrahimov qeyd edib ki, bundan başqa, Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixində xüsusi yeri olan Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib.
Sədr onu da vurğulayıb ki, eyni zamanda, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nın 25 illiyi münasibətilə gümüş sikkə hazırlanaraq və geniş ictimaiyyətə təqdim edilib.
Fuad Mədətov
Fins.az