Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib.
Fins.az xəbər verir ki, bunu bu gün keçirilən “AzerGold” QSC və törəmə şirkətlər-“Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, “AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib və səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə “Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib:
“Göygöl rayonunda yerləşən “Tülallar” qızıl yatağı respublikamızın malik olduğu zəngin mineral-xammal potensialını dayanıqlı inkişafa çevirməyi, ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyi qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır.
Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Eyni zamanda ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım (3%) qeydə alınıb.
2024-cü il üçün hasilat planımız isə hesabat ili ilə müqayisədə 9% daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla – 156.8 min unsiya gümüş təşkil edir”.
Fuad Mədətov
Fins.az