Çində daşınmaz əmlak böhranı yeni həddə çatıb. Honq Konq məhkəməsi dünyanın ən çox borcu olan daşınmaz əmlak inkişaf şirkəti olan China Evergrande Group-un ləğvi barədə qərar çıxarıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, öhdəlikləri 333 milyard dollar təşkil edən Everqrande son aylarda kreditorlarla restrukturizasiya danışıqları aparmışdı, lakin bu danışıqlar nəticə verməyib. Məhkəmə qərarından sonra Evergrande səhmləri 21 faiz dəyər itirib və səhmlər ticarətə bağlanıb. Qərar Everqrandın Çindən kənardakı aktivlərinin ləğvi ilə nəticələnə bilər. Qərarın Çin daxilində nə dərəcədə həyata keçiriləcəyi hələlik bəlli deyil.
2021-ci ildə xarici valyutada istiqraz ödənişini edə bilməyən Evergrande, Çin daşınmaz əmlak sektorunda likvidlik böhranına səbəb oldu. Bloomberg-in tərtib etdiyi məlumatlara görə, ötən cümə günü Evergrandenin dollarla ifadə olunan istiqrazlarının çoxu bir dollar üçün 1,5 sentdən ticarət olunurdu.
Digər tərəfdən, Çin çətin vəziyyətdə olan birjalara dəstək addımlarını davam etdirir. Çin həftənin əvvəlində bəzi səhmlərdə qısamüddətli satışı qadağan etdi.
Günel Məlikzadə
Fins.az