BİZNES

16 Yanvar

Ötən il Azərbaycanda vergi ödəyicilərinə 1 milyondan çox sayda xidmət göstərilib

2023-cü ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 648 352 şəxs qəbul edilib.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 1 120 925 sayda xidmət göstərilib. Bunun da 287 mini şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,1 %-ini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası.

2023-cü ildə vergi ödəyicilərindən daxil olmuş 30 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 645 minə yaxın SMS göndərilib. Dövr ərzində 3 197 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 5 309 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Fuad Mədətov
Fins.az