BİZNES

12 Yanvar

Azərbaycan vahid ölkə stendi ilə 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

İraqın Bağdad şəhərində 47-ci Beynəlxalq Bağdad Yarmarkası (47th Baghdad International Fair) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri sözügedən tədbirə qatılıb.

AZPROMO-dan Fins.az-a verilən məlumata görə, "Made in Azerbaijan" vahid ölkə stendində Azərbaycanın çay, bitki yağları, qənnadı məmulatları, kolbasa və sosis məhsulları, nar şirəsi, limonad və mineral sular, konservlər və digər məhsullar nümayiş olunur. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Eyni zamanda, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq çap materialları təqdim edilir.

Qeyd edək ki, yanvarın 19-dək davam edəcək yarmarkada 20 ölkədən 800-dən çox şirkət iştirak edir.

Fuad Mədətov
Fins.az