BİZNES

12 Yanvar

Sahibkarların ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi vergilərdən çıxılacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması nəzərdə tutulub.

Qurumdan Fins.az-a bildirilib ki, mikro sahibkarlıq subyektlərinin maliyyə - iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib. Belə olan halda, bu cür xərclər yeni fəaliyyətə başlayan mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratdığından sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub.

Bununla da, həm çəkilən xərclərin kompensasiyası, həm də qeyri-rəsmi dövriyyələrin “ağardılması” hədəflənir, eyni zamanda, dəyişiklik sosial – iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir.

Günel Məlikzadə
Fins.az