Bu gün Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) illik hesabat mətbuat konfransı keçirib.
Fins.az xəbər verir ki, ATMİA Baş katibi Şahanə Sarı mətbuata açıqlamasında 2017-ci ildə yaradılmış ATMİA-nın əsas məqsədinin qeyri-neft sektorunda önəmli yer tutan tikinti materialları istehsalının inkişafına dəstək olmaq və ölkəmizdə dayanıqlı iqtisadi və sosial inkişafa yönəlmiş tədbirləri təşviq etməkdən ibarət olduğunu bildirib:
"Hazırda üzv sayı 500-ə yaxınlaşan assosiasiya "Made in Azerbaijan" brendinin təşviqi, inşaat materialları sektorunun ixracat potensialının artırılması istiqamətində sistemli işlər həyata keçirir. Belə ki, sahibkarlar mütəmadi olaraq beynəlxalq sektorial inşaat sərgilərinə işgüzar səfərlər edir, həmçinin ölkə stendlərində milli brendlərimizi uğurla təmsil edirlər. Ötən il ərzində Qazaxıstan, Türkmənistan, Türkiyə, BƏƏ, Yaponiya və s. ölkələrə işgüzar səfərlər edilmiş, eləcə də sahibkarların maariflənməsi üçün beynəlxalq eskpertlər ölkəmizə dəvət edilmiş, ATMİA üzvlərinə özəl master klasslar təşkil olunmuşdur".
Ş.Sarının sözlərinə görə, 2024-cü ildə də Türkiyə, Orta Asiya, Rusiya, Yaxın Şərqi əhatə edən aparıcı tikinti şirkətləri və material istehsalçıları ilə tərəfdaşlıq və əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur:
"Biz 2024-də üzv sayımızı daha da artırmaqla ölkəmizdə inşaat materialları istehsalçılarını daha geniş miqyasda əhatə etməyi, üzvlərimizə xidmət keyfiyyətini artırmağı, onların professional inkişafına dəstək olmağı planlayırıq".
Qeyd edək ki, Misir Ərəb Respublikası, Qətər, Yaponiya, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirləri, o cümlədən Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) İdarə heyətinin sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, akademik, millət vəkili Ziyad Səmədzadə ATMİA-nın Fəxri üzvləri sırasındadır.
Məlumat üçün bildirək ki, cənab Prezident İlham Əliyevin 25 dekabr sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilib. Bu il ATMİA üzvləri istehsal prosesində yaşıl və təmiz texnologiyalara, ekoloji yönümlü tikintilərə, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionların dirçəldilməsinə yüksək önəm verməyi, ekoloji sağlam tikinti materiallarının və bərpaolan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən istifadə etməyi hədəfləyir.
Fuad Mədətov
Fins.az