Yerli istehsal yarandıqdan sonra mütləq qaydada digər idxalların qarşısını almaqdan ötrü gömrük rüsumu artırılmalıdır.
Fins.az xəbər verir ki, bunu sahibkar Zəfər Məmmədov “ARB 24” telekanlında yayımlanan verilişdə qonaq olarkən deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən sahibkarlara maliyyənin ayrılmasıyla, təşviq etməklə iş bitmir:
“İstehsalat müəssisəsi yaradılır və müəssisə yarandığı 1 il ərzində hər ay İqtisadiyyat Nazirliyi həmin müəssisəni çox ciddi nəzarətə götürməlidir, dəstək olmalıdır. Belə ki, yaranan hər hansı bir problem ciddi araşdırılmalıdır və yerindəcə, çox qısa müddət ərzində ölçü götürülməlidir. Yəni ki, hər ay sahibkarlarla nazirlik arasında çox sıx bağlılıq olmalıdır. Xammalın gəlməyi, gömrükdə baş verən hansısa çətinliklər və digər məsələlər anında çox ciddi şəkildə həllinə nail olmalıdır. Məqsəd odur ki, sahibkar bu 1 il ərzində özünü tam doğrulda bilsin, istehsalata başlasın və bazarda müəyyən qədər yer tutsun. Bundan sonra, sahibkar özünü inkişaf etdirəcəkdir. Bu, çox önəmli olan bir məsələdir.
İlkin olaraq, belə başlamalıyıq ki, yerli müəssisələr özünü doğrulda bilsin. Bundan sonra qarşıdakı 1-2 ildə qiymətləri mimimuma salmaq çox çətin məsələ olur. Amma bir müddətdən, yəni müəssisə püxtələşdikdən sonra öz maya dəyərini mimimuma sala bilir və bu, nəinki ölkə daxilində, hətta ölkə xaricində də rəqabətə dözümlü olur”.
Z.Məmmədov qeyd edib ki, bugünkü gündə İqtisadiyyat Nazirliyinin birmənalı olaraq məqsədi sahibkarlara dəstək göstərməkdir.
Fuad Mədətov
Fins.az