İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.
Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Fiskal siyasətin tənzimləyici funksiyasına nəzəri baxışların təhlili" adlı məqalənin müəllifi Cavid Seyfullalıdır (Azərbaycan Dövlət Iqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin doktorantı).
Məqalədə qeyd olunub:
"İqtisad elmində dövlətin fiskal və ya digər tənziməyici alətlər vasitəsilə iqtisadi proseslərə müdaxiləsinin zəruriliyi və nəticələri barədə biri-birindən kəskin şəkildə fərqlənən empirik arqumentlərə kifayət qədər tez-tez rast gəlinir. Fiskal siyasətin tənzimləyici funksiyasının milli iqtisadiyyata qısa və uzunmüddətli təsirləri, fiskal siyasətin və onun komponentləri ilə iqtisadi artım arasında əlaqələrin təbiəti iqtisad elminin aktual tədqiqat obyektlərindən biri olaraq bu gün də elmi müzakirələrin diqqət mərkəzindədir. Aparılan ədəbiyyat icmalının nəticələri göstərir ki, fiskal siyasətin tənzimləyici alət kimi səmərəliliyi ölkələrin inkişaf səviyyəsi, iqtisadiyyatın strukturu və miqyası, institutların keyfiyyəti, sahibkarlıq mədəniyyəti, idarəetmə qabiliyyəti və digər amillərin təsiri ilə fərqli formalarda təzahür olunur. Məqalənin məqsədi fiskal siyasətin iqtisadi artıma təsirini öyrənən tədqiqatlarda əldə edilən nəticələrin qruplaşdırılması və təhlili əsasında nəzəri sintezin aparılmasıdır. Azərbaycan üzrə aparılmış tədqiqatların nəticələri qısamüddətli dövrdə real dövlət xərcləri ilə real qeyri-neft ÜDM arasında müsbət əlaqənin olduğunu göstərir. Başqa ölkələrdə aparılan tədqiqatların təhlili göstərir ki, modellərdə real dövlət xərcləri ilə yanaşı, dövlət sektorunun ÜDM-də payı və tənzimləmənin keyfiyyəti (effektivliyi) göstəricilərinin də daxil edilməsi tədqiqat obyektinin daha dərindən öyrənilməsinə imkan verir. Həmçinin, uzunmüddətli dövrdə real dövlət xərcləri və qeyri-neft iqtisadi artımı arasındakı əlaqəyə dair tədqiqatlarda birmənalı yanaşma olmadığından, bu istiqamətdə də yeni araşdırmaların aparılması təklif olunur. Eyni zamanda, dövlət gəlirlərinin və xərclərinin komponentlərinin də iqtisadi artıma təsiri baxımından qiymətləndirilməsi aktual tədqiqat istiqaməti kimi qəbul oluna bilər. Əldə edilən nəzəri və empirik arqumentlər Azərbaycanda fiskal siyasət və iqtisadi artım arasında əlaqələrin tədqiqi üçün nəzəri və metodoloji bazanı müəyyən etməyə imkan verir".
Fuad Mədətov
Fins.az