BİZNES

26 Dekabr

Caspian Energy Club Azərbaycanda 100-cü tədbirini təşkil edib

Caspian Energy Club tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş Azərbaycanda keçirilən 100-cü tədbir və 10-cu Beynəlxalq “Caspian Business Award 2023” mükafatının təqdimetmə mərasimi  keçirilib. Bu barədə Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Qurumdan Fins.az-a verilən məlumata görə, tədbirdə ötən il ərzində Caspian Energy Club-a üzv olan şirkətlərin nümayəndələri ilə təşkil olunmuş görüşlərdə iştirak edən bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və Caspian Energy Club-a üzv olan 300-dən çox özəl şirkətin top-menecerləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Telman Əliyev, Caspian Energy Club-un tarixi, fəaliyyət sahəsi və təşkilata daxil olan üzv şirkətlər haqqında danışıb. O, həmçinin tədbir iştirakçılarına il ərzində Caspian Energy Club tərəfindən Azərbaycanın regionlarında və ölkə xaricində təşkil olunan tədbirlər haqqında məlumat verib.

“Caspian Energy Club-un Azərbaycandakı 100-cü tədbirinin keçirilməsi üçün biz Gülüstan sarayını seçdik, çünki məhz burada 19 sentyabr 1994-cü il tarixində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında "Əsrin Müqaviləsi" imzalanmışdır. Həmin müqavilə Azərbaycanın iqtisadiyyatına təkan verən əsas amillərdən biri oldu və məhz bu müqavilə imzalandıqdan sonra Azərbaycanın iqtisadi və sosial sahələrindəki inkişafı başladı. Hal-hazırda 100-cü tədbirimizi Gülüstan sarayında, ilin əvvəlində isə ilk tədbirimizi Naxçıvan Muxtar Respublikasında keçirəcəyik, və bu da öz növbəsində bizim üçün çox simvolikdir. Tədbirlərimizin silsiləsini buradan başlayaraq biz həm regional, həm də beynəlxalq həcmdə Ulu Öndərin əziz xatirəsinə həsr etmək istəyirik”,- deyə Telman Əliyev xüsusi qeyd etdi.

"Biz təkcə sahibkarlar deyil, həm də dövlət rəsmiləri, səfirlər və digər qurum nümayəndələri  arasında sıx dialoq və netvorkiq quran platformaya çevrilmişik. Bizim əsas məqsədimiz dünyanın müxtəlif Orta Dəhliz ölkələrində əməkdaşlığı, biznesin inkişafını və investisiya imkanlarını təşviq etməkdir”, -  Telman Əliyev bildirib. Onun sözlərinə görə, klubun fəaliyyəti nəticəsində dövlət qurumları və sahibkarlar ilə sıx əməkdaşlıq edilir, birgə layihələr həyata keçirilir, özəl sektorun qarşılaşdığı problemləri həll etmək üçün dövlət qurumları ilə birgə tədbirlər təşkil edilir.

“Fürsətdən istifadə edərək, Caspian Energy Club-a daxil olan bütün şirkətlərin  top-menecerləri adından sahibkarlara yüksək dəstəyin göstərilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi və biznes layihələrinin həyata keçirilməsi sayəsində əlverişli şərait yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”, - deyə Telman Əliyev vurğulayıb.

“Caspian Business Award 2023” beynəlxalq mükafatı “Korporativ sosial məsuliyyətin inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyası üzrə Gazelli Group-un Təsisçisi və prezidenti Dr. Zərifə Həmzəyevaya, “Tekstil sahəsinin inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyası üzrə Debet Safety şirkətinin Baş Direktoru Əsəd Nəsrullayevə,   “İlin Logistika şirkəti” nominasiyası üzrə ASE Şirkətlər Qrupunun Direktoru Rəşad Abasova, “Sərgi sahəsinin inkişafına verdiyi töhfəyə görə”  nominasiyası üzrə Caspian Event Organisers şirkətinin Baş direktoru Fərid Məmmədova, “İlin qazma şirkəti” SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevə, “İlin enerji şirkəti - Azerişıq ASC” nominasiyası üzrə Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadəyə, “TezÖdə - İlin innovativ həlli” nominasiyası üzrə Azəricard-ın Baş Direktoru Fərid Quliyevə,  “İlin şirkətlər qrupu” nominasiyası üzrə MY Group Holding-in Həmtəsisçisi Sultan Fariz Əhmədiyə, “Azərbaycan - Qırğızıstan iqtisadi əlaqələrinə verdiyi töhfəyə görə” nominasiyası üzrə Union Logistics-in Baş direktor müavini Samirə Mustafayevaya, “Dənizdə mühəndislik xidmətlərinin göstərilməsi üzrə ilin şirkəti” nominasiyası üzrə Azerbaijan Maritime Engineering and Construction şirkətinin təsisçisi və Baş direktoru Rəşad Şəkərova, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi”  nominasiyası üzrə Azpetrol Ltd MMC-in Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Arzu Ağayevaya, “İlin konsaltinq şirkəti” nominasiyası üzrə Alkan Consulting Group-un Təsisçisi Avni Demirciyə, “İlin hüquq şirkəti” nominasiyası üzrə “Mirzayev and Partners Legal Firm”in Təsisçisi və direktoru Şaiq Mirzəyevə, “İlin informasiya texnologiyaları şirkəti” nominasiyası üzrə R.İ.S.K. Company-nin Direktoru Cabir Cümşüdova, “İlin tikinti şirkəti”  nominasiyası üzrə RİCON MMC-nın Baş direktoru Rəşad İsmayılova, “İlin Sığorta Şirkəti” nominasiyası üzrə Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə heyətinin sədri Orxan Əfəndiyevə, “İlin lift avadanlığı təchizatçısı şirkəti” nominasiyası üzrə S-ENNA MMC-nin Təsisçisi və direktoru Pərviz Zalova, “İlin Çay istehsalçısı” nominasiyası üzrə Azersun Holding-in Azerçay marka rəhbəri Tərlan Lətifova təqdim edilib.

Həmçinin Caspian Energy Club-un inkişafına verdikləri xüsusi töhfəyə görə klubun sədrinin birinci müavini və Baş Maliyyə Direktoru Rasim Mahmudov, Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva, Caspian Energy Club qrupun Baş icraçı direktorunun müavini Eldar Maqsumov, habelə Caspian Energy Club-un Türkiyədə fəaliyyətinə verdiyi xüsusi töhfəyə görə Süleyman Məcidli və Caspian Energy Club-un Çexiyada fəaliyyətinə verdiyi xüsusi töhfəyə görə Zaur Qədirov “Caspian Business Award 2023” xüsusi mükafatı ilə təltif olunmuşlar.

Nominantlar Caspian Energy Club-a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilmişdir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Günel Məlikzadə
Fins.az