BİZNES

26 Dekabr

2024-cü ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymət azalması gözlənilmir

2024-cü ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymət azalması gözlənilmir.

Bunu Fins.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, dünya maliyyə və fond bazarlarının əhəmiyyətli təsir qüvvəsinə malik olan hissəsində hər hansı bir neqativ hal baş verməsi Azərbaycan daşınmaz əmlak bazarında ciddi və yaxud xüsusi bir dəyişiklik olaraq hiss olunmayacaq:

“Hazırki vəziyyətdə onu deyə bilərəm ki, bütün istehlak bazarlarında olduğu kimi, Azərbaycanın daşınmaz əmlak bazarında da qiymət artımını gözləyirik. Bu qiymət artımı ötən ilki və bu ilki səviyyədə olmaya bilər. Hər bir halda düşünürəm ki, bu, 2 rəqəmli, yəni 10 faizin üzərində olacaq. Təqribən 12-15 faiz arasında qiymət artımı gözlənilir. Artımların əsas hissəsi ilin birinci yarısına təsadüf edəcək. İlin sonuna doğru isə nisbi qiymət artımlarıyla bazar tədricən hasilləşəcək. Ümumi tendesiya bunadan ibarət ola bilər”.

Ekspert daşınmaz əmlak bazarının qiymətlərinə təsir edən amillərin bəzi səbəblərini açıqlayıb və amilləri göstərib:

“Səbəb olaraq istər bazara dövlət ipotekası, istərsə də daxili ipoteka formasında banklar tərəfindən yönəldilən vəsaitlərin həcminin artımı, istərsə də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq, təmir-bərpa işləri, eyni zamanda, mərkəzi şəhərlərdə şəhərsalma proseslərinin aktivliyi və bura yönəldilən vəsaitlərin həcminin artımı ola bilər.

Qeyd etdiyim kimi, müəyyən istisnalar var. Məsələn, Rusiya-Ukrayna müharibəsi regionda ciddi əhəmiyyətli bir hadisə olaraq Azərbaycan bazarına əhəmiyyətli təsir göstərən amil hesab oluna bilər və yaxud da orada müharibənin təsirləri yenidən Azərbaycan bazarındakı vəziyyəti dəyişə bilər. Bunları istisna etsək, ciddi əhəmiyyətli dəyişiklik müşahidə etməyəcəyik”.

Fuad Mədətov
Fins.az