BİZNES

25 Dekabr

Dövlət Xidməti tərəfindən Yevlax şəhərində sahibkarlar üçün maarifləndirici görüş təşkil edilib

Regionlarda keçirilən maarifləndirici görüşlər istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların hüquq və vəzifələri, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələbləri istiqamətində məlumatlılığın artırılmasına töhfə verir.

Qurumdan Fins.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti görüş Yevlax şəhərində Dövlət Xidmətinin 11 saylı regional bölməsinin xidmət dairəsinə daxil olan bölgələrdə (Mingəçevir, Bərdə, Tərtər) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub.

Görüşdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.

Çıxışlar zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən söz açılıb, istehlakçı hüquqlarının müdafiəsində sahibkarların rolu və bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunması, istehlak bazarında malların, işlərin və xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi istehlakçı hüquqlarının effektiv şəkildə qorunmasına zəmin yaradır.

Bundan əlavə, istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb, mal və xidmətlər əldə edilməsinə dair müəyyənləşdirilmiş qaydalar, zəmanət öhdəlikləri barədə məlumat verilib.

Daha sonra Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər diqqətə çatdırılıb. İstehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, onlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tövsiyələr verilib.

Günel Məlikzadə
Fins.az