BİZNES

21 Dekabr

Azərbaycan bu günədək Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb - Mikayıl Cabbarov

Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir.

Fins.az xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ikinci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur:

“Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Cumhurbaşkanlığı Maliyyə İdarəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi - TÜİB-in təşkilatçılığı ilə Azərbaycan – Türkiyə İnvestisiya Forumunun keçirilir.

Forum iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat, o cümlədən dövlət rəsmilərinin, xarici dövlətlərin, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı və çıxışları ilə davam edəcəkdir.

Vüqar Bağırov
Fins.az