Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva Caspian Energy Club-un Özbəkistan, Gürcüstan və klubun sədri olmayan digər ölkələrdəki nümayəndəliklərin sədri vəzifəsini icra edən təyin olunmuşdur. Bu barədə Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Fins.az xəbər verir ki, Caspian Energy Club International Caspian Energy Club-un fəaliyyətini davam etdirmək, sahibkarlar üçün networking platformasını genişləndirmək və müxtəlif ölkələrin iqtisadiyyatına tövhə vermək məqsədilə beş il ərzində dünyanın 100 ölkəsində fiziki nümayəndəliklərini açmağı planlaşdırır.
Caspian Energy Club International-ın hal hazırda 14 ölkədə fiziki ofisi fəaliyyət göstərir. Həmçinin qeyd edək ki, Klub European Union Central Baltic LEF Network Azerbaijan proqramı çərçivəsində Latviya, Estoniya və Finlandiyanın Ticarət və Sənaye Palatalarının rəsmi tərəfdaşıdır.
Telman Əliyev Caspian Energy Club Uzbekistan ofisinin keçmiş sədri Tehran Əliyevə və Caspian Energy Club Georgia ofisinin keçmiş sədri Natiq Məmmədova vəzifələrini icra etdikləri dövrdə göstərdikləri yüksək fəallıq və peşəkarlığa görə təşəkkürünü bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi. O, həmçinin qeyd etdi ki, Tehran Əliyev və Natiq Məmmədovla iş birliyi digər istiqamətlərdə davam edəcəkdir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Günel Məlikzadə
Fins.az