“Zəfəroğlu” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Azərbaycan-Qırğızıstan Ticarət Evinin (AQTE) rəhbəri Zəfər Məmmədovun Fins.az-a müsahibəsi.
- Bakıda keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ni necə dəyərləndirirsiniz və sərgidədəki iştirakınızın əhəmiyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi, layihə yerli istehsalatçılarla bağlı sərgidir. Düşünürəm ki, istehsalatın inkişafı üçün çox önəmli və dəyərli sərgidir. Bizim bu sərgidə iştirak etməkdə məqsədimiz məhsullarımızı dövlət və özəl şirkətlərə çatdırmaqdır. İstehsal etdiyimiz bütün növ məhsulları və gələcəkdə istehsal etmək istədiyimiz məhsulların prototiplərini sərgidə nümayiş etdirik. Əsas istiqamətimiz LED lampa istehsalıdır və onların topdan-pərakəndə satışıdır.
- Azərbaycanda ilk dəfə LED lampalarının istehsalına başlamısınız və bu, daxili bazarın təlabatını ödəyə bilirmi? Ümumiyyətlə, bu sahədəki bazarı necə dəyərləndirisiniz?
- Biz Azərbaycanda ilk dəfə LED lampa istehsalına başladıq. Bugünkü gündə fabrikinin istehsal gücü Azərbaycanın təlabatının 10/1-i qədərdir. Hazırda bazarda istehsalatla yanaşı, xarici ölkələrdən məhsulların gətirilməsi də intensiv hal almışdır. Hesab edirik ki, məhsullarımızın bazara bir hissəsini saldıqdan sonra təlabata uyğun olaraq bazarda satışı gücləndirək. Bazarın ən azı 30%-nı təmin etməyi düşünürük. Paralel olaraq da xarici ölkələrə ümumi satışı üçün ilkin addımlar atmışıq. Biz ilk olaraq Qırğızıstan, Rusiya bazarında LED lampaların satışını düşünürük və burada ilkin araşdırmalar aparırıq. Hətta həmin ölkələrdə satılan lampaların bir neçəsini öz laboratoriyamızda yoxlayıb və məhsullarımızın keyfiyyətinin heç də onlardan əskik olmadığının şahidi olduq. Beynəlxalq standartlara cavab verdiyimiz üçün ixracla bağlı 2 ölkə üzrə danışıqlara başlamışıq.
- 2023-cü ildə nə kimi işlər görülüb və uğurlar qazanılıb ki, bu da növbəti ildə (2024) biznesin inkişaf perspektivlərinə necə təsir edəcək?
- İlk olaraq 2023-cü ildə lampa fabrikinin inkişafı üçün ciddi addımlar atdıq. Çinin bir neçə şirkətiylə əməkdaşlığa başlamışıq. Bundan başqa, məhsullarımızın çeşidlərini artırdıq. Gələcək il üçün layihələrimizin müəyyən bir hissəsini ilkin addımlarına başladıq. Yəni ki, bu il bizim üçün uğurlu il oldu. Bu hazırladığmız layihələr gələn il başa vurularsa, fabrikimizin işçilərinin sayını 2 dəfə və istehsal həcmini ən azı 3 dəfə artırmağı düşünürük.
2024-cü il üçün qarşımıza qoyduğumuz hədəflər 4 ölkəyə məhsullarımızın ixracını düşünürük. Yerli bazarı daha da ciddi araşdırıb və bütün regionlarda nümayəndəliyimizi yerləşdirməkdir, o cümlədən məhsul çeşidlərimizi artırmaqdır.
- Qeyd etdiniz ki, 2024-cü il üçün 4 ölkəyə məhsullarınızın ixracını düşünürsünüz. Bunlardan 2 ölkənin adını qeyd etdiyiniz: Rusiya və Qırğızıstan. Digər 2 ölkələr hansılardır?
- Çox maraqlı səslənsə də bunlardan biri qardaş ölkə Türkiyədir. Çünki Türkiyədə lampa istehsalı ilə məşğul olan çox sayda fabriklər var və qardaş ölkəmizdə istehsalın güclü olmasına baxmayaraq, düşünürük ki, rəqabətə davamlıyıq. Bununla paralel, Afrika ölkələrini düşünürük və bunun üçün də araşdırmalarımızı aparırıq.
- “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Azərbaycan-Qırğızıstan Ticarət Evinin (AQTE) rəhbəri olaraq nə kimi planlarınız var? Ümumiyyətlə, hazırda hər iki təşkilatın fəaliyyətinin vəziyyəti nə yerdədir?
- Bildiyiniz kimi, Azərbaycan-Qırğızıstan Ticarət Evinin açılışını etdik və müəyyən qədər məhsullarımızın tanıtımlarıyla başladıq. Təəssüf ki, Qırğızıstan tərəfindən bu məhsulların tədarükü və qırğız iş adamlarının Azərbaycan bazarına marağının hal-hazırda o qədər də yüksək olmadığı üçün fəaliyyətimizi yaxşı qiymətləndirmirəm. Bununla bağlı danışıqlar gedir və düşünürük ki, gələn illər ərzində Qırğızıstan dövləti tərəfindən bu Ticarət Evinin ayaqda qalması üçün müəyyən addımlar atılacaqdır. Biz də bunu gözləyirik.
“Gəncə İş Adamları İctimai Birliyi” olaraq üzvlərimizlə mütamadi əlaqədəyik və müəyyən layihələri həyata keçirmək üçün danışıqlar aparırıq. Hətta birlikdə bəzi müəssisələrin qurulması üçün müəyyən danışıqlarımız var. Normal, stabil və sabit olaraq işlərimizə davam edirik.
- Bəzi müəssisələrin qurulmasını deyərkən, xüsusilə hansı sahədə müəssislərin fəaliyyət göstərməsini nəzərədə tutursunuz?
- Əslində “Gəncə İş Adamları İctimai Birliyi”nin üzvləriylə böyük fabrikin qurulması üçün danışıqlar aparılır. Bu layihə qismət olarsa, gələn ilin mart ayına qədər nəzərə alınıb. İlkin araşdırmamız nəticə verərsə, o zaman da açıqlamış olarıq. Birlik üzvləriylə birlikdə orada pay bölgüləri var ki, onların bu fabrik qurulmasına maraqları var. Bunun üçün müəyyən payları, səhmləri yatırmaq üçün danışıqlar gedir. Razılıq əldə olunarsa, bu barədə mart ayında ətraflı məlumat veriləcək.
- “Zəfəroğlu” həm ölkəmizdə, həm də xaricdə-beynəlxalq əlaqələr baxımından kifayət qədər stimulverici və ümidverici şirkətdir. Bu baxımdan da şirkət Azərbaycan iqtisadiyyatına da müəyyən qədər qatqıda bulunur. Hal-hazırda şirkətin vəziyyət nə yerdədir və gələcək üçün nə kimi planlarınız var?
- Şirkət 13 ildir fəaliyyət göstərir və bu illər ərzində ayaq üstündədir. Xalqımıza xidmət göstəririk. Vəziyyətimiz yaxşıdır. Bizdə dizayn, təmir, tikinti, mebel istehsalı, LED lampa istehsalı, pərdə satışı və başqa faəliyyət istiqamətlərimiz var. Həmçinin akademiyamız da var. Bununla bağlı mütamadi olaraq yeniliklər edirik. Sadaladığmız sahələr üzrə yeniliklərdən geridə qalmamağa çalışırıq. Şirkətimizin hədəfi hər qarşımızdakı ildə ya ən azı bir qolunu gücləndirmək, ya da yeni bir qol açmaqdır. Ümumi olaraq Azərbaycan iqtisadiyyatına baxdığımız zaman ölkənin durumu günü-gündən yaxşıya doğru getdiyi üçün və iqtisadi artım müşahidə olunduğuyla bağlı şirkətdə də həmin artımları görmək mümkünmdür.
- Azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Həm şirkət, həm də sahibkar olaraq, burada sizin bir qatqınız və iştirakınız varmı?
- Əslində biz işğaldan azad olunan ərazilərlə bağlı LED lampa fabrikimiz tərəfindən maraqlıyıq ki, orada yeni istehsal olunmuş məhsullarımızın satışını həyata keçirdək. Yaxın zamanlarda orada bir mağazanın faəliyyətə başlamasıyla bağlı təklifimiz olub. Gələn il ərzində gözlənilir ki, işğaldan azad olunmuş ərazilərdə “Zəfəroğlu Elektrik” ilə bağlı mağazamızın açılışı olsun. Paralel olaraq da inşaat və digər müəssisələrimiz də yavaş-yavaş həmin ərazilərdə fəaliyyətinə başlayacaqdır.
Fuad Mədətov
Fins.az