BİZNES

16 Noyabr

Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azad edilib

Məhz yeni meyarları əsas götürülməklə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azad edilib.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

Nazir müavininin sözlərinə görə, qeyd olunan kateqoriya sahibkarlar əmlak vergisindən azaddır:

“Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar "Startap" şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır".

S.məmmədov onu da vurğulayıb ki, KOB subyektlərinin dəstəklənməsi istiqamətində ünvanlı tədbirlərin və effektiv dövlət siyasətinin həyata keçirilməsində açar faktor bu kateqoriyanın əhatə dairəsinin necə müəyyənləşdirilməsi və sistemləşdirilməsi ilə bağlıdır:

"Bu baxımdan, mütərəqqi beynəlxalq təcrübələr və aparılmış araşdırmalar əsasında 2018-ci ilin 21 dekabr tarixində mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgü meyarları təsdiq edildi. Həm məzmun, həm də göstəricilər baxımından bir sıra yenilikləri əhatə edən bu meyarlar sonrakı illərin təcrübələrinin də göstərdiyi kimi, dövlət dəstək tədbirlərinin yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verdi".

Fuad Mədətov
Fins.az