BİZNES

04 Noyabr

Dövlət satınalmalarına ayrılan vəsaitdən multiplikativ effekt yaratmaqdır - Məmməd Abbasbəyli

Bu məqsədlə ayrılan vəsaitin həcmini nəzərə alsaq, Azərbaycanda dövlət satınalmalarını sahibkarlığın inkişafına dəstək mexanizminə çevirmək üçün bütün imkanlar var.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi" mövzusunda seminarda deyib.

"Şəffaflığı təmin etmək şərtilə dövlət satınalmalarına ayrılan vəsaitdən səmərəli istifadə etmək olar. Məqsədimiz bu vəsaitdən multiplikativ effekt yaratmaqdır. Sahibkar üçün biznesinin idarə olunması qaydalarının aydın və sabit olması vacibdir, çünki fəaliyyəti bunun üzərində qurulur. Əgər dövlət satınalmaları sahəsində şəffaf, peşəkar və səmərəli fəaliyyəti təmin edə bilsək, bu sahibkarlığın inkişafına güclü təkan verəcək", - o deyib.

M.Abbasbəyli həmçinin bu il ölkə büdcəsindən dövlət satınalmalarına yeddi milyard manatdan çox sərf olunacağını əlavə edib.

O ötən il dövlət müəssisələrinin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan büdcəsindən 6,8 milyard manat sərf olunduğunu xatırladıb.

Fuad Mədətov
Fins.az