BİZNES

30 Oktyabr

Azərbaycanda rəqəmsal reklam bazarı reklam büdcələrinin xərclənməsinə görə çox kiçikdir

Təbii ki, hər ötən il şirkətlərin reklamlara ayırdığı büdcə artır və bu artım templə davam edir. Buna baxmayaraq, yenə də reklam bazarında azlıq müşahidə olunur. Müəyyən yanaşmaları və baxışları düzəldə bilsək, bu barədə ciddi bir irəliləyiş əldə edə bilərik.

Bunu Fins.az-a açıqlamasında iş prinsiplərinə əsasən bu il reklam bazarında artım və ya azalma müşahidə olunub-olmaması haqqında danışan Trustme Digital Marketinq agentliyinin CEO-su Nizami Mehdiyev deyib.

O, bildirib ki, Azərbaycanda rəqəmsal reklam bazarı reklam büdcələrinin xərclənməsinə görə çox kiçikdir və müxtəlif yanaşmalar mövcuddur:

“Çünki bəzi sektorda olan şirkətlər reklama aqressiv büdcə xərcləyir və bəzi kiçik şirkətlər buna tab gətirə bilmir. Bazarın ən ciddi problemlərindən biri də əksər müştərilərin sadəcə bəlli bir platformalara reklam büdcəsi ayırmalarıdır. Hansı kanallarda müştərilərim var və mən bura nə qədər büdcə xərcləməliyəm yanaşması yoxdur və yaxud yanlış bir yanaşma ilə reklama büdcə ayırırlar. Məsələn, sahibkarlar reklam büdcəsi 300 ABŞ dollara 50k dəyərində məhsul satır. Ay ərzində də ən azı 5 ədəd məhsul satmaq istəyir. Təbii ki, bu yanaşma düzgün deyil. Fikrimcə, sahibkarlar arasında bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.

N.Mehdiyev idarə etdiyi şirkətin reklam bazarında rəqabət qabiliyyətinə də aydınlıq gətirib. O, qeyd edib ki, şirkət olaraq yanaşması strategiya əsasında həyata keçirilir:

“Bazarı, rəqibləri və məhsulu yaxşı araşdırıb və ona görə strategiya qurduğumuz üçün bazarda rəqabətə, hətta iri oyunçular tərəfindən aparılan rəqabətə də tab gətiririk. Hazırlamış olduğumuz reklam strategiyasını tətbiq edə bilirik. Həqiqətən bazar varsa, istənilən marka üçün digital strategiya qurub addım atmaq qabiliyyətindəyik”.

Məlumat üçün bildərək ki, Trustme Digital Marketinq agentliyi uzun illərin təcrübəsinə əsaslanaraq rəqəmsal marketinq və brendinq çərçivəsində bir çox fərqli sahələrdə fərqli markalara xidmət edib.

Məhəbbət Məmmədov
Fins.az