BİZNES

16 Oktyabr

Mal-material ehtiyatları oğurlanarsa və ya istifadəyə yararsız hala düşərsə onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilirmi?

Mal-material ehtiyatları oğurlanarsa və ya istifadəyə yararsız hala düşərsə onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilirmi? Və hesablama necə aparılır? 

 Vergi Məcəlləsinin  108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclər istisna olmaqla, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, eləcə də qanunla nəzərdə tutulmuş bütün icbari ödənişlər gəlirdən çıxılır.

Fins.az xəbər verir ki, yuxarıda qeyd etmədiyimiz digər mümkün hal isə mal-material ehtiyatlarının oğurlanması (əksikgəlməsi) və ya istifadəyə yararsız hala düşməsi (yararlılıq vaxtının bitməsi) halları zamanı onların dəyərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilməsi məsələsidir. Bu, aşağıdakı hallarda mümkündür.

Vergi Məcəlləsinin  108.5 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Təbii itki normaları Nazirlər Kabinetinin “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə 17.07.2018-ci il tarixli 307 nömrəli qərarı ilə müəyyən edilmişdir.

Aşağıdakı misalda təbii itki normaları üzrə illik mənfəət norması üzrə xərcə salınan malların nümunəsi göstərilmişdir.

Misal: Müəssisənin 2023-cü ildə təbii itki normaları daxilində 3000 manat dəyərində malı xarab (zay) olmuşdur. Belə olan halda həmin məbləğ 2023-cü ilin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid ediləcəkdir.

Təbii itki normaları ərzaq məhsullarını əsas tutur. Qeyri-qida mal-materialları üzrə isə yanaşma ardıcıllığı da eynidir. Fərz etsək ki, malların yığıldığı anbara təbii fəlakət nəticəsində və ya digər səbəbdən su dolub və malların bir qismi tamamilə istifadəyə yararsız hala düşmüşdür. Belə olan halda biz malların dəyərini xərcə silə bilərik. Sadəcə müəyyən prosesəri  icra etmək lazımdır. Nümunəmizə istinadən hadisənin baş verdiyini təsdiq edəcək qurum olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının anbara baxışı əsasında hadisənin baş verdiyini təsdiq edəcək sənəd hazırlanıb müəssisəyə təqdim edilir. Müəssisə isə öz növbəsində, bu təsdiqləyici sənədi əsas tutaraq istifadəyə yararsız mallarla bağlı akt tərtib edir və daha sonra maya dəyərində xərcə silir. Təsdiqləyici sənəd olmadan müəssisənin özünün akt tərtib etməsi və ya sadəcə zay olmuş malların xərcə silinməsi mümkün deyil.

Qocayeva Elnurə Əlövsət qızı

BSC MMC şirkətinin Maliyyə-mühasibatlıq işləri üzrə 1-ci dərəcəli mütəxəssisi