BİZNES

13 Sentyabr

Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasına səfər edib

AİBNDX-nin nümayəndə heyəti Birinci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi - Koreya Ədalətli Ticarət Komissiyası Rəhbərlər Sammiti və 12-ci Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

Bu baradə Fins.az-a qurumdan açıqlama verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Birinci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi - Koreya Ədalətli Ticarət Komissiyası Rəhbərlər Sammiti ("ASEAN-CIS-KFTC" Enforcers Summit) və 12-ci Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

Müxtəlif ölkələrdən əlliyə yaxın nümayəndənin qatıldığı tədbirdə Dövlət Xidmətinin rəisi AİBNDX-nin fəaliyyət istiqamətləri, xüsusi ilə ölkəmizdə rəqabət, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair institusional islahatlar, keyfiyyət infrastrukturu və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Bundan əlavə, iştirakçılara sözügedən fəaliyyətlərin rəqəmsallaşdırılmasına dair qarşı qoyulan hədəflərlə bağlı ətraflı məlumat verilib.

İki gün davam edən sammit çərçivəsində iştirakçı ölkələrdə son rəqabət qanunları, yeniliklər və siyasət tendensiyaları, iqtisadi böhranın aradan qaldırılmasında rəqabət qurumlarının rolu, antiinhisar orqanlarının rəqabətin məhdudlaşdırılması hallarına reaksiyası, rəqəmsal bazarların sürətli inkişafının rəqabət mühitinə yaratdığı təhdidlər mövzularında  fikir mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, texniki yardım təcrübələri və təkmilləşdirmə üsulları istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib.