SOCAR PETROLEUM Cəbrayıl rayonunun Şükürbəyli kəndində modul tipli yanacaqdoldurma stansiyası (YDS) açıb.
Fins.az bu barədə şirkətə istinadən xəbər verir.
Stansiya Şükürbəyli-Cəbrayıl-Hadrut yolu ilə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu yol Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan başlayır və Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir.
AI-92, AI-95 Premium markalı və dizel yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada iki yanacaq dispenseri quraşdırılıb, iki kiçik tonnajlı və ağır yük avtomobillərinə yanacaq verilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, yeni YDS "Heydər Əliyev İli" çərçivəsində istismara verilən sayca 7-ci YDS-dir.
Hazırda Şuşa və Laçın şəhərləri, Ağdam, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli 3-cü stansiyadır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 6-ya, ümumilikdə isə ölkə ərazisində 53-ə çatdırılıb.