"Busines İnsight" şirkəti Azərbaycanada e-ticarət vərdişləri ilə bağlı sorğu keçirib.
Fins.az xəbər verir ki, sorğu 2091 respondent arasında keçirilib və nəticədə onlardan 826-sı onlayn alış-veriş etdiklərini bildirib. Sorğu telefon vasitəsi ilə “Survey To Go” proqramı üzərindən aparılıb.
Respondentlərin 51%-ni kişilər, yerdə qalanını isə qadınlar təşkil edib. Sorğuda iştirak edənlərin ortalama yaşı 35-dir. Respondentlərin çoxu, yəni, 47%-nin son bitirdiyi təhsil müəssisəsi orta məktəbdir. Həmçinin onların 29.1%-i özəl və 19.9%-i dövlət sektorunda işləyir. Digər bir qismi isə 21.3%-nin şəxsi biznesi var. Maraqlısı odur ki, onlayn alış-veriş edənlərin 25,3%-i işsizlərdir.
Sorğu müxtəlif regionlarda Bakı (45%), Gəncə (8%), Sumqayıt (7%), Lənkəran (7%), Quba (7%), Şəki (7%), Şamaxı (6%), Mingəçevir (5%), Şirvan (4%) və Göyçay (4%) üzrə aparılıb.
Sorğunun yekun nəticəsində onlayn alış-veriş platformaları içərisində Trendyol lider mövqedədir. Belə ki, şirkət son bir ildə respondentlər tərəfindən ən çox alış-veriş edilən (63.1%), tanınan (98%), ziyarət edilən (88%) və üzvə sahib olan (77.5%) platformadır.
Günel Məlikzadə
Fins.az