Bu gün Qırğızıstan Joqorku Keneşinin büdcə komitəsinin iclasında İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisinə dair Azərbaycanla saziş layihəsinə baxılacaq.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Qırğızıstan millət vəkili Dastan Bekeşev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Nazirlər Kabineti ölkənin Qara-Öy kəndində 17 hektar torpaq sahəsinin ayrılmasını nəzərdə tutur ki, bunun da 12 hektarı tikinti, 4 hektarı park, 1 hektarı isə çimərlik üçün ayrılacaq:
“Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə 3 il ərzində hotelin tikintisini və işlərin 70 %-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.”
Azərbaycanın İssık-Kulda beşulduzlu hotel tikməyi planlaşdırdığını hələ iyun ayında Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev deyib.Onun sözlərinə görə, bu razılaşma Qırğızıstan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlardan sonra əldə olunub. Nazir hesab edir ki, Qırğızıstanda komfortu sevən turistləri cəlb edəcək kifayət qədər hotel otağı yoxdur.
Azərbaycanla yanaşı, Qırğızıstanda Özbəkistan da hotellər tikməyi planlaşdırır. Bişkek, "Enesai" (Dilorom), "Bosteri" (Qızıl Qumlar), "Rohat" və "Buston" pansionatlarını 49 il müddətinə Özbəkistana vermək niyyətindədir. Bu pansionatların sovet dövründə Özbəkistan SSR-in vəsaiti ilə tikilib və 1992-ci ildəki müqaviləyə əsasən ona məxsus olub. Ancaq, 2016-cı ildə Qırğızıstan hökuməti, o zamankı baş nazir Temirov Sariyevin rəhbərliyi ilə Özbəkistanın dövlət şirkətlərinə məxsus olan bu pansionatları özəlləşdirib. Özbəkistan isə beynəlxalq arbitrajda iddia qaldırıb.
Prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstan məhkəmədə uduzub və Özbəkistan tərəfinə 40 milyon ABŞ dollarından çox pul ödəmək məcburiyyətində qalıb. Lakin, tərəflər pansionatların 49 illiyə Özbəkistana icarəyə verilməsinə və onları 4-5 ulduzlu hotellər səviyyəsinə yüksəldilməsi ilə bağlı razılaşıblar.
Günel Məlikzadə
Fins.az