Qazaxıstan Bakı limanında terminal inşa etməyi planlaşdırır.
Fins.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masada deyib.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) müvafiq şərtlərdə Qazaxıstandan ixrac olunan malları yükləmək imkanına malikdir. Qazaxıstan Bakı limanında öz terminalını tikməyə hazırdır. Hazırda bununla bağlı danışıqlar aparırıq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, nəqliyyat-logistika sektoru Azərbaycan-Qazaxıstan əməkdaşlığının "onurğa sütunu" olacaq.
"Hazırkı geosiyasi vəziyyət çox mürəkkəbdir, lakin bu bizə unikal imkanlar verib. Həm Qazaxıstan, həm də Azərbaycan hadisələrə siyasi cəhətdən sağlam və düzgün baxışa malikdir. Operativ və sürətli fəaliyyət göstərmək lazımdır", - deyə səfir əlavə edib.
Hazırda Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən TBNM mühüm inkişaf nöqtələrindən birinə çevrilməklə digər ölkələr tərəfindən getdikcə daha çox diqqət cəlb edir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev marşrutu Qazaxıstanın tranzit və ixrac imkanlarının daha tam icrasına şərait yaradan "əsas birləşdirici bənd" adlandırıb.
©Trend