BİZNES

11 Sentyabr

Azərbaycan 4 ölkədə keçiriləcək beynəlxalq sərgidə iştirak üçün hazırlıqlara başlayıb

Azərbaycan Rusiyanın Moskva şəhərində keçiriləcək “World Food Moscow 2023", Almaniyanın Köln şəhərində "Anuga 2023", Çinin Şanxay şəhərində “6-cı Çin Beynəlxalq İdxal Sərgisi” və İsrailin Tel-Aviv şəhərində “İsrafood 2023” sərgilərində iştirak edəcək.

Fins.az xəbər verir ki, sərgilər müvafiq olaraq sentyabrın 19-22-si, oktyabrın 7-11-i, noyabrın 5-10-u, noyabrın 28-30-u tarixlərində baş tutacaq.

Artıq Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, “World Food Moscow 2023" bu il 32-ci dəfə təşkil ediləcək Beynəlxalq Payız Qida və İçki Sərgisidir. Sərgi topdan və pərakəndə ticarət müəssisələri, həmçinin ictimai iaşə müəssisələrinin alıcıları ilə qida istehsalçılarını və təchizatçılarını bir araya gətirir. Tədbir “Crocus Expo”da keçiriləcək.

"Anuga 2023" qida və içki sənayesi üçün aparıcı beynəlxalq ticarət sərgisidir və iki ildən bir keçirilir. Qida sərgisinə 4,6 min yerli və xarici iştirakçının qatılması gözlənilir.

“Çin Beynəlxalq İdxal Sərgisi” 2018-ci ildən bəri keçirilir. Sərgini keçirilməsində məqsəd Çin bazarını xarici ixracatçılara tanıtmaq və daxili istehlakı artırmaqdır. Tədbir Çin Ticarət Nazirliyi və Şanxay Bələdiyyəsi birgə təşkil edir. İdxal sərgisi Şanxay şəhərində Milli Sərgi və Konqres Mərkəzində keçiriləcək.

“İsrafood 2023” sərgisi hər il keçirilən qida və içki sərgisidir. Tədbir Təl-Əvivdə İsrail Ticarət Sərgisi və Konqres Mərkəzində keçiriləcək.