Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alim Bayelin Trend BİA üçün məqaləsi yayımlanıb.
Fins.az həmin məqaləni təqdim edir:
1 sentyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Parlament palatalarının birgə iclasında Qazaxıstan xalqına "Ədalətli Qazaxıstanın İqtisadi kursu" adlı Müraciəti ilə çıxış edib. Müraciətdə dövlət başçısı ötən dövr ərzində ölkənin əsas nailiyyətləri, dövlət qarşısında duran çağırışlar, gələcək inkişaf yollarını qeyd edib. Bu xülasədə mən müraciətin bir neçə aspektinə toxunmaq istərdim.
Geosiyasi burulğan şəraitdə iqtisadi inkişaf
Müraciətdə prezident Tokayev qeyd edib ki, ötən il ərzində Qazaxıstanın ÜDM-i 226,2 milyard ABŞ dolları olub. İl ərzində rekord sayılan 28 milyard dollar həcmində birbaşa xarici sərmayələr cəlb edilib. Xarici ticarət dövriyyəsi rekord həddə - 136 milyard dollar həcmində olub ki, bunun 84 milyard dollarını ixrac təşkil edib. İqtisadiyyatın stabilliyinin əsası sayılan xarici ehtiyatlar 100 milyard dollar səviyyəsinə qədər çatıb.
Qazaxıstan lideri qarşıdan gələn iqtisadi dəyişikliklərin əsas konturlarını təqdim edib. Onun sözlərinə görə, ən əsas məsələ ölkənin möhkəm sənaye çərçivəsinin formalaşdırılması, iqtisadi cəhətdən özünü təmin etməsidir. Əsas diqqəti emal sektorunun sürətli inkişafına yönəltmək lazımdır. İqtisadiyyatın şaxələndirilməsi vəzifəsi daha da aktual məsələyə çevrilməkdədir. Metalların emalı, neft, qaz və kömür kimya sənayesi, ağır maşınqayırma, uranın konversiyası və zənginləşdirilməsi, avtokomponentlərin və gübrələrin istehsalı kimi istiqamətlərə diqqəti cəmləşdirmək lazımdır. Başqa sözlə, yüksək emalklasterlərin yaradılması zərurətə çevrilməkdədir.
Dövlət başçısı dağ-mədən sektorunun idarə edilməsinin modernləşdirilməsinin vacibliyini vurğulayıb. Bir çox ölkələrdə sənayenin aparıcı qüvvəsi qismində özəl şirkətlər çıxış edir, ona görə iri özəl sərmayələrin cəlb edilməsi sənayenin potensialının üzə çıxarılmasına kömək edəcək.
Qazaxıstan prezidenti Qazaxıstanın İT ölkəsinə çevrilməsi kimi önəmli vəzifəni qeyd edib. Respublika elektron hökumət və maliyyə texnologiyalarının inkişafı indeksinə görə dünya liderlərdən biridir. Yerli İT-sənayenin ixrac həcmi təkcə ötən il ərzində beş dəfə artıb. Hökumətin yeni vəzifəsi - İT-xidmətlərin ixracını 2026-cı ilədək bir milyard dollar səviyyəsinə çatdırmaqdır. Eyni zamanda, turizm və aqrosənaye kompleksinin, kiçik və orta biznesin, "yaşıl" iqtisadiyyatın inkişafı haqqında söz açılıb.
Prezidentin fikrincə, su ehtiyatları ölkəmiz üçün neft, qaz və ya metallardan da böyük əhəmiyyət kəsb edir. Bütün dünyada aktual olan su problemi Mərkəzi Asiyadan da yan ötməyib. Ona görə də prezidentin tapşırığı ilə su təsərrüfat sisteminin effektiv inkişafı üçün ayrıca Su Ehtiyatları və İrriqasiya Nazirliyi təsis edilib. Nazirlik tabeliyində isə Milli Hidrogeoloji Xidmət yenidən yaradılıb.
Nəqliyyat-logistika sahəsi inkişafın lokomotivi kimi
K.Tokayev Qazaxıstanın nəqliyyat-logistika potensialının tam həcmdə reallaşdırılmasını strateji məqsəd kimi qeyd edib. Qazaxıstan Şimalla Cənubu, Qərblə Şərqi qlobal şəkildə birləşdirən yolların ayrıcında yerləşir. Bu istiqamətlər üzrə sürətli ticarət axınının artımı proqnozlaşdırılır.
Qeyd edilməlidir ki, bu kontekstdə geniş perspektivlər açan coğrafi üstünlük Qazaxıstanla Azərbaycanı birləşdirir. Bizim ümumi tapşırığımız - Transxəzər marşrutunun birgə inkişafıdır. Prezident Tokayev bildirib ki, ortamüddətli perspektivdə sözügedən dəhliz üzrə daşımaların həcmi beş dəfə artırıla bilər. Bunun üçün infrastrukturun hərtəfəli modernləşdirilməsi davam etdirilir. Xüsusilə Aktauda konteyner habı tikilir, Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminalların tikintisinə start verilib. Prinsipcə, Qazaxıstan Azərbaycanda da terminalın tikintisinə sərmayə qoya bilərdi.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımaların həcmi artıq artır. 2022-ci ildə bu həcm 2,5 dəfə artıb və 1,5 milyon ton təşkil edib. 2023-cü ilin birinci yarısında artım 77% təşkil edib. Gələcək artım üçün dəhliz boyu bürokratik prosedurların azaldılmasını, vahid tarifləri, TBNM-in rəqəmsallaşdırılmasını təmin etmək lazımdır. Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında birgə müəssisənin yaradılması üzrə həyata keçirilən iş olduqca önəmlidir.
Bu kontekstdə, tam nəqliyyat-logistika qüvvəsi olması üzrə genişmiqyaslı işlərin aparılması məqsədilə Qazaxıstanda ayrıca Nəqliyyat Nazirliyi yenidən təsis edilib. Yeri gəlmişkən, bu il Azərbaycan üzərindən Qazaxıstan neftinin nəql edilməsinə start verilib. İlkin mərhələdə həcm ildə 1,5 milyon ton təşkil edəcək. Yaxın illərdə biz bu həcmi ildə bir neçə milyon tona qədər çatdırmaq istəyirik.
Ümumilikdə, həm Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat-logistika sahəsində əməkdaşlığa böyük önəm verirlər. Ona görə də bu məsələ birgə əməkdaşlığımızın mərkəzində duracaq. Bu, ixracımızın artımı, malların tranzitinə görə gəlirlərin əldə edilməsi üçün effektiv yoldur. Qeyd etmək lazımdır ki, bu, ikitərəfli ticarətə də müsbət təsir edəcək. 2022-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 39% artıb və 462 milyon ABŞ dolları həcmində olub. 2023-cü ilin ilk yarısının yekunlarına görə isə bu rəqəm artıq 284 milyon ABŞ dolları təşkil edib.
"Eşidən dövlət"
Prezidentin Qazaxıstanda atom elektrik stansiyasının tikilməsi məsələsinin referenduma çıxarılacağı anonsu xüsusilə diqqətəlayiqdir. Ölkə elektrik təminatı ilə bağlı problemlər yaşayır, enerji istehsal edən müəssisələrin istismar dövrü bitmək üzrədir, mövcud olan infrastrukturun təmiri illər çəkə bilər. Bir tərəfdən, Qazaxıstan dünyanın ən iri uran istehsalçısı olaraq öz atom enerjisi istehsal gücünə sahib olmalıdır. Lakin vətəndaşların bir qismi, Qazaxıstanın ölümcül atom silahının sınağı üçün plasdarm olması ilə bağlı kədərli təcrübəni nəzərə alaraq, AES tikintisi ilə əlaqədar haqlı olaraq narahatlıq keçirirlər.
Ona görə də K.Tokayev bu məsələni məmurların sərəncamına vermək deyil, vətəndaşların bu haqda öz fikirlərini bildirmək imkanı yaratmaq qərarına gəlib. Beləliklə, prezident özünün təşəbbüsü olan "eşidən dövlət" konsepsiyasını rəhbər seçib.
Sosial dövlət
K.Tokayev bildirib ki, 2020-ci ildən bəri müəllimlərin maaşı iki dəfə artıb. Həkimlərin maaşı da nəzərəçarpacaq dərəcədə artıb və hazırda onların gəlirləri ölkə üzrə orta göstəricilərdən yüksəkdir.
Qazaxıstanda demoqrafik artım müşahidə olunur. Hər il ölkədə 400 mindən çox körpə dünyaya gəlir. İlin sonuna qədər Qazaxıstanın əhalisi 20 milyon nəfərə çatacaq. Ona görə də "Komfortlu məktəb" layihəsi çərçivəsində təqribən 400 məktəb inşa olunacaq. Kənd yerlərində 300-dən çox səhiyyə obyektləri tikilməkdədir. "Milli fonddan uşaqlara" layihəsinin icrasına başlanılıb və layihə çərçivəsində yeni ildən başlayaraq uşaqların hesablarına neft gəlirlərindən vəsaitlər daxil olacaq. Prezident, həmçinin, 1 yanvar 2024-cü ildən başlayaraq minimal maaşın növbəti dəfə artacağının anonsunu verib.
Yekun
Ötən dövrdə Qazaxıstanda bir sıra siyasi dəyişikliklər olub. Ölkə güclü parlamentə sahib olan prezident respublikası modelinə keçib. Konstitusiyaya düzəlişlər edilib. İlk dəfə altı partiyadan ibarət olan Parlament formalaşdırılıb. İndi ölkə diqqətini iqtisadi inkişafına yönəldəcək.
Bu ilin müraciətini konkretlik fərqləndirir. Prezident müraciətində milli iqtisadiyyatın həcminin ikiqat artımı və onun göstəricisinin 2029-cu ilədək 450 milyard dollar səviyyəsinə qədər çatdırılması kimi ambisiyalı tapşırığı qeyd edib. Yeni iqtisadi siyasət çərçivəsində uzunmüddətli xəyali məqsədlərin qoyulması praktikasına son qoyulacaq, səylər konkret müddəti olan, əldə edilə bilən vəzifələrə yönələcək.
Müraciətin mənim üçün fərqlənən və xoş cəhəti o oldu ki, prezident, bəlkə də, ilk dəfə olaraq, iqtisadiyyata təkcə xarici deyil, həm də daxili investisiyaların cəlb edilməsinin vacibliyinə diqqət çəkib. Müstəqillik illəri ərzində Qazaxıstana 400 milyard dollar həcmində birbaşa xarici investisiyalar daxil olub ki, bu da Mərkəzi Asiyanın digər ölkələrinə yatırılan investisiyalardan çoxdur. Lakin ölkə həm də yerli sərmayələr hesabına da inkişaf etməlidir və prezident buna çağırış edib.
Maraqlıdır ki, Kasım-Jomart Tokayev nəinki problemlərə işarə edir, eyni zamanda, onların həll yollarını da təklif edir. Qoyulan tapşırıqların həyata keçirilməsi üçün yeni yanaşmalar və yeni kadrlar lazımdır. Buna görə də "ehtiyat skamyasını" formalaşdırmağa imkan verəcək dövlət qulluqçularının kadr ehtiyatları yaradılacaq. Bu addım kəskin kadr çatışmazlığı şəraitində önəm daşıyır. Prezident qeyd edib ki, yüksək vəzifə almaq istəyən kəslərin sayı kifayət qədərdir, amma onların peşəkarlığı heç də həmişə tələblərə cavab vermir. Ona görə də kadr məsələsi ilə ciddi məşğul olmaq lazımdır, peşəkar mütəxəssisləri hazırlamaq zəruridir. Bunun üçün siyasi partiyaların kadr potensialından da istifadə olunacaq.
Bu gün Qazaxıstan və Azərbaycan qarşılıqlı münasibətlərin yeni mərhələsinə qədəm qoyublar. Ölkə başçıları arasında mövcud olan etimada söykənən dialoq hərtərəfli əməkdaşlığın dinamik inkişafının əsasına çevrilib. Qazaxıstana güclü və stabil Azərbaycan, Azərbaycana isə nüfuzlu və çiçəklənən Qazaxıstan lazımdır. Bu mənada prezident Tokayevin müraciəti təkcə Qazaxıstanın inkişafına deyil, vəhdətimizin möhkəmlənməsinə, bütün regionun firavanlığına yönəlib.