BİZNES

07 Sentyabr

Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib

Sentyabrın 7-də Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir.

Fins.az xəbər verir ki, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Ticarətə başlama mərasimində emitent tərəfindən "Unibank Kommersiya Bankı" ASC, birja üzvü tərəfindən Unicapital İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, "Unibank Kommersiya Bankı" ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.