BİZNES

30 Avqust

Osman Xaliyev Caspian Energy Club-ın təşkil etdiyi B2G forumunda iştirak edib - FOTO

Caspian Energy Club Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə B2G forumu təşkil edib. B2G forum Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Fins.az xəbər verir ki, 30 avqust tarixində keçirilmiş B2G forumda neft və qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 100-dən çox top meneceri iştirak edib. Forumunun fəxri qonağı qismində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev iştirak edib.

Tədbirdə çıxışı zamanı Osman Xaliyev iştirakçıları Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. İdarə Heyətinin sədri qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, eləcə də dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.  

Daha sonra Osman Xaliyev B2G forum iştirakçılarının bütün problem və təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Telman Əliyev Osman Xaliyeva klubun fəxri üzvü sertifikatını təqdim edərək, dövlət qurumuyla Caspian Energy Club arasındaki açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaratdığı imkana görə təşəkkürünü bildirib.

B2G forumunun sonunda Osman Xaliyev Caspian Energy Club-a yeni üzv olan şirkətlərin top-menecerlərinə sertifikatlar təqdim edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.