Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 535 337,2 min manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 612 054,3 min manat səviyyəsində olub.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.
Hesabat dövründə nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7%-i və ya 12 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3%-i və ya 2 455,2 min tonunu (4% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.