BİZNES

28 Avqust

Caspian Energy Club Czechia Avropa İT şirkətləri üçün networking platforması yaradır

Caspian Energy Club Czechia, Financial Chain Corporation (FCHAIN) dəstəyi ilə Çexiyada informasiya-kommunikasiya texnologiyaları (İKT) və süni intellekt (AI) məsələlərinə həsr olunmuş CEO MeetUp Prague təşkil etmişdir.

Fins.az xəbər verir ki, CEO MeetUp Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Bu barədə Caspian Energy Club Czechia-nın İdarə heyətinin sədri Zaur Qədirov bildirdi.

Salamlama nitqi zamanı Zaur Qədirov Caspian Energy Club Czechia tərəfindən daha öncə təşkil olunmuş tədbirlər, Çexiyanın biznes strukturları ilə Caspian Energy Club-ın fəaliyyət göstərdiyi ölkələr arasında networkingin genişləndirilməsi və özəl və dövlət sektorları arasındakı dialoqun gücləndirilməsi istiqamətində atılan addımlar barədə qonaqlara geniş məlumat verdi. Zaur Qədirovun sözlərinə görə, hazırkı toplantı bu il klubun idarə heyətinin Çexiyada təşkil etdiyi yeddinci tədbirdir.

Zaur Qədirov həmçinin Caspian Energy Club Czechia tərəfindən təşkil edilməsi planlaşdırılan növbəti tədbirin bank sektorunun perspektiv və imkanlarının müzakirəsinə həsr olunacağını, gələn il isə tarixləri yaxın zamanlarda açıqlanacaq Caspian Investment Forum və Caspian Energy Forum kimi bir sıra tədbirlərin təşkil olunacağını bildirdi.

CEO MeetUp Prague tədbiri əsnasında İKT və süni intellektin dəstəyi ilə biznesin transformasiyası, biznesin inkişafında İKT və süni intellektin istifadəsi və süni intellektin biznesə uğurlu inteqrasiyası məsələləri müzakirə olunmuşdur.

MeetUp-da FCHAIN ​​şirkətinin regional meneceri Teymur Axundov “Müasir biznesdə süni intellektin rolu” mövzusunda geniş təqdimatla çıxış edərək, müəssisələrin və müxtəlif sənaye sahələrinin yenidən təşkilində süni intellektin rolu ilə bağlı fikirlərini bölüşdü.

Görüşdə fəxri qonaq qismində Gürcüstanın Çexiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Mariam Orconikidze və Macarıstanın Çexiyadakı səfirliyinin rəhbərinin müavini Qabor Andor Çitari-Rakoçzi iştirak ediblər.

CEO MeetUp-da müvafiq dövlət qurumlarının rəhbəri və nümayəndələri, Caspian Energy Club-ın fəaliyyət göstərdiyi ölkələrin dövlət və özəl şirkətlərin top-menecerləri də iştirak ediblər. Tədbirə həmçinin online formatda 50-dən çox şirkət rəhbəri və nümayəndələri də qatılıblar.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.