2023-cü ilin 7 ayında 299678 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində 299.678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,2% çoxdur.
2023-cü ilin 7 ayı ərzində göstəricinin 47.406-sı (15,8%) ilkin, 252.272-si (84,2%) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı
2023-cü ilin yanvar-iyul ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29.846-sı fərdi yaşayış və bağ evi, 53.408-i mənzil, 209.806-sı torpaq sahəsi, 1.815-i qeyri-yaşayış binası, 4.320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 56.177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-iyul ayları ərzində 245.855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur. 2023-cü ilin 7 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artaraq 46.611 olub.
