BİZNES

23 Avqust

Təlabatı qoruyub saxlamaq üçün müştərini yeni məhsullarla tanış edirik

“De Promo” şirkətinin baş meneceri Xəlil Qasımovun Fins.az-a müsahibəsi.

- “De Promo” şirkətinin inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?

- “De Promo” şirkəti 2013-ci ildən fəaliyyət göstərir. Şirkətlər qrupu olaraq bura “Promo Expo” və “Promo Prodakşın” şirkətləri daxildir. Əsas sahəmiz promo mətbəə-çap işlərindən ibarətdir. Eyni zamanda, çöl reklamları və xüsusi hədiyyəlik qutular hazırlayırıq. Bundan başqa, sərgi stendlərinin qurulması ilə də məşğuluq.

- Xammal ölkə daxilindən, yoxsa ölkə xaricindən alırsınız?

- Xammal əsasən yerli məhsullar olsa da, amma bəzi məhsulları xaricdən gətiririk. Əsasən çalışırıq ki, hazır promo məhsullar gətirək. Onu da Avropa ölkəsindən əldə edirik.

- Keyfiyyətin dəyərləndirilməsi üçün kriteriyalar nədən ibarətdir?

- Bizim şirkətin daxilində Keyfiyyətə Təminat şöbəmiz var. Həmin şöbə xammalın keyfiyyətini nəzərdən keçirir və yerində təyin edir ki, bu məhsul yararsızdır və yaxud məhsulun yararsız olma ehtimalı çoxdur. Həmin zaman dərhal tərəfdaşlıq etdiyimiz şirkətlə danışıqlar aparır və məhsulu dəyişirik.

- Qiymətləri nəyə əsasən təyin edirsiniz?

- Məhsullar fərqli olur. Bazar qiymətindən savayı burada tirajın rolu var. Bizim işlərimiz əsasən tiraja bağlıdır. Normalda 1 ədədlə, 100 ədədin qiyməti dəyişir. Biz müştəriyə bildiririk ki, əgər sən 50 ədəd sifariş versən-bu qiymətə, 150 ədəd olarsa-daha sərfəli qiymətə olacaq. Amma əgər xaricdən alırıqsa, bu, məzənnədən asılı olaraq dəyişə bilər.

- Məhsullarınıza təlabat hansı səviyyədədir?

- Hazırda bu məsələ qənaətbəxşdir. Təlabatı qoruyub saxlamaq üçün yenilik edirik, yəni müştərini daha yeni məhsullarla tanış edirik. Təlabat isə əsasən elektronika və promo məhsullaradır.

- Şirkətin bazardakı rəqabət qabiliyyəti hansı səviyyədədir?

- Rəqabət qabiliyyətimiz nisbidir. Çalışırıq ki, sağlam rəqabət aparaq. Bir sözlə, şirkətimiz sağlam rəqabətə açıqdır.

- Sahibkar olaraq sizi narahat edən problemlər nələrdir?

- Problemlərə fərqli prizmadan baxmaq daha məqsədə uyğundur. Misal üçün, müştərilər hansı məhsulu bizdən tələb edirlərsə və ödənişi gecikdirmə ilə ödəyərlərsə, bizim problemimiz bu zaman baş verir. Komandamız və portnyorlarımızla çalışırıq ki, bu vəziyyətdən çıxış yolu tapaq. Bu, səhnənin arxasıdır, ona görə də çalışmışıq ki, müştəri işin bu tərəfini görməsin. Pandemiya zamanı isə çatdırılmalar çox çətin idi. Bu da problemə gətirib çıxarırdı.

- 44 günlük Vətən Müharibəsindən sonra torpaqlarımız azad edildi və Zəngəzur dəhlizinin açılması məsələsi şərtlərdən biridir. Bundan sonra Azərbaycanın Asiya və Avropa ilə əlaqələri daha da genişlənəcək və xüsusilə, sahibkarların buradakı rolu daha əhəmiyyətli olacaq. Ümumiyyətlə, bu prosesi necə dəyərləndirirsiniz və  sizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında hansı planlarınız var?

- Şirkət olaraq 44 günlük Vətən Müharibəsi ərəfəsində ordumuza əlimizdən gələn dəstəyi etmişik və  bu gün də dəstəyik. Dəhliz açıldıqda istərdik ki, Qarabağda bir şöbəmiz olsun. Bizim də filiallarımız açılsın və fəaliyyətimizi oradada uğurlar davam etdirək. Həm bizim, həm də yerli əhali, həm də ki qlobal müştəri üçün çox gözəl imkanlar olacağına əminəm.

Qarabağda fəaliyyətimizlə bağlı hələlik müraciət olunmayıb. Çünki hazırda orada yenidənqurma işləri gedir. Əlbəttə ki, işlər tamamlandıqda biz də öz növbəmizdə orada fəaliyyət göstərmək üçün çalışacağıq.

- Ötən ilə bu il müqayisədə şirkətin statistik göstəricilərində artım, yaxud azalma müşahidə olunubmu?

- Pandemiyadan zərərçəkmiş şirkət kimi çıxmışıq. Nə qədər irəliləyiş olub-olmadığını dəqiq deyə bilmirik. 2019-2020-ci illərə nisbətdə hazırda artım müşahidə olunur. Satış artımı olub və bunu rəqəmlərlə desək, 15-20% təşkil edir. Çünki pandemiyanın təsirindən indi-indi özümüzə gəlirik.

Fuad Mədətov
Fins.az