BİZNES

21 Avqust

Nağdsız əməliyyatların həcmi artıb

2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 556 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

Qeyd edək ki, həyata keçirilən nağdsız ödənişlərin 3583 mln. manatı electron ticarətin payına düşüb. Qalan məbləğin 965 mln. manatı POS-terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53%-ni təşkil edib.

Xatırladaq ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6%, POS-terminalların sayı 17.1% artıb.