BİZNES

21 Avqust

Şirkətlər arasında keyfiyyət baxımından biz öndəyik

“TUNA” (Tuna Printing Publishing Packaging Company) şirkətinin satış üzrə meneceri Əli Xankişizadənin Fins.az-a müsahibəsi.

- “TUNA” şirkətinin inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?

- Şirkət 25 ildir fəaliyyət göstərir. Hazırda beş istiqamətdə fəaliyyət göstəririk. Bura mətbəəçilik, etiketləşdirmə, gofra karton, yumuşaq qablaşdırılma və polietilen plastik istehsalı daxildir. Şirkətimiz əsasən Almaniya,Yaponiya və başqa ölkələrin avadanlıqları ilə təmin olunub.

- Azərbaycanda mikro, kiçik, orta və iri sahibkarlıq subyektləriylə olan iş birliyiniz çərçivəsində nə kimi yeniliklər və irəliləyişlər var?

- Azərbaycanda iri şirkətlərlə birgə fəaliyyət göstərib, onlarla əməkdaşlıq edirik. Gələcəkdə planımız daha genişdir və çalışırıq ki, xarici ölkələrə inteqrasiya edərək, orada da yüksək səviyyədə fəaliyyət göstərək. Bu məsələdə nəzərdə tutduğumuz əsasən Avropa və Asiya ölkələridir. Məhz ilk planlarımızdan biri budur.

- Hazırda şirkətin məhsullarına və xidmətlərinə təlabat səviyyəsi nə yerdədir?

- Gördüyümüz işlərə təlabat çox böyükdür. Düzdür, bizim sahədə fəaliyyət göstərən şirkətlər çox olsa da, amma keyfiyyət baxımından biz öndəyik. Bu da o deməkdir ki, keyfiyyəti əsas götürməklə daha çox təlabat bizim şirkətin, həm məhsullarına, həm də xidmətlərinə yönəlib.

- Şirkətlərin çoxluğu süni rəqabəti daha da artırır. Bəs sizdə necə, rəqabət qabiliyyət kifayət qədər ürəkaçandırmı?

- Təbii ki, bu prosesdə də üst səviyyədəyik. Bu da müştəri sayımızla əlaqədardır. Çünki bizim kifayət qədər müştəri bazamız var. Ölkə üzrə 70% təlabat var. Amma xarici bazarı rəqəmlərlə desək, bu, 50% civarındadır. Azərbaycanda böyük şirkətlərlə və bir neçə nazlirliklərlə iş birliyimiz var. Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyinin adını çəkmək olar. Həmçinin onların tabeçiliyindəki qurumlarla da işbirliyimiz mövcuddur. Bunlar uzunmüddətli işbirliyidir.

Əsasən mətbəə-kitablar, jurnallar və başqa bu kimi məhsullar sifarış olunur. Bundan başqa, etiketlərdir ki, burada da qida sektoru öz rolunu oynayır. Söhbət qida məhsullarının etkitlənməsindən gedir.

- Şirkətinizin 25 illik fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatına nə kimi faydanız oldu?

- Şirkət olaraq göstərdiyimiz xidmətlərin sayəsində ölkə iqtisadiyyatına bacardığımız qədər fayda verməyə çalışırıq. Artıq xaricdən avadanlıq gətirməyə ehtiyac yoxdur. Çünki ölkəmizdə hamısı istehsal olunur və yüksək səviyyədə təhvil verilir. Bu səbəbdən də iqtisadiyyatımızı güclü saxlamaq üçün hər bir incəliklərə diqqət yetiririk.

- Xammalı necə əldə edirsiniz?

- Plastik Xammalı SOCAR Politilen Zavodundan və İran, Rusiya, Türkiyədən əldə edirik. Kağızlar Rusiya, Avropa və Çindən gətiririk. Bunlar ölkədə istehsal olunsa, daha yaxşı olar. Bu baş tutarsa, qiymət də sərfəli olar. Həm biz, həm də müştərilər məmnun qalar. Bunlar xaricdən idxal olanda, rüsum və ya digər məsələlərə görə baha başa gəlir.

- Şirkətin beynəlxalq əlaqələri haqqında danışardınız.

- 25 illik fəaliyyətimizdə çox şey dəyişib. Əvvəl 1 sahə idiksə, hazırda 5 sahə üzrə fəaliyyət istiqamətimiz var. Beynəlxalq əlaqələrə gəldikdə isə Rusiya və Türkiyə əlaqələrimiz var. Hazırda bir çox ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirak edirik.

- Şirkətin kadr çatışmazlığı ilə üzləşirmi və bu prosesin öhdəsindən necə gəlirsiniz?

- Biz əsasən “Qeyri formal təhsil” ilə və ya Peşə təhsili Agentliyi ilə memorandum imzalamışıq və hər il 20dən çox gənc kadrları özümüz yetişdiririk.

- Azad olunmuş ərazilərdə nə kimi planlarınız var?

- Qürurverici haldır ki, azad olunmuş ərazilərdə yenilənmə işləri gedir. Bizim də fikrimiz var ki, orada mətbəəçilik sahəsində yeni işlər görək. Orada şöbə açaraq, öz sahəmizi genişləndirmək istəyirik. Bütün ölkələrdə bizim sahəyə ehtiyac var. Ona görə də hədəfimiz daha da genişlənmək və inkişaf etdirməkdir.

Fuad Mədətov
Fins.az