BİZNES

18 Avqust

Büdcə gəlirləri 15,5 milyard manat, xərcləri isə 14,6 milyard manat təşkil edib

Cari ilin yanvar–iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitə­sinin məlumatına görə, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon ma­natlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub. Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mən­fəət (gəlir), 26,26 faizi əlavə dəyər, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir ver­gisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Yeri gəlmişkən, vergi sis­temində büdcəyə daxilolma­lar cari ilin ilk yarısında da yüksək göstəricilərlə diqqət çəkib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə ilin ilk yarı­sında dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Altı aylıq vergi daxilol­malarının 5 milyard 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına forma­laşıb və bir il əvvələ nisbətən 18,2 faiz çox olub.

Bu ilin I yarısında isə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57 faiz təşkil edib. Sektor üzrə daxilolmaların 58,8 faizi və yaxud 5 milyard 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 faizi və yaxud 3 milyard 75,5 milyon manatı göm­rük rüsumları və idxala ver­gi daxilolmaları, 4,5 faizi və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizi və yaxud 16 mil­yon manatı dövlət əmlakının icarəyə verilməsindən daxi­lolmalar, 1,7 faizi və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub.

Fuad Mədətov
Fins.az