BİZNES

14 Avqust

KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair 4-cü qrant müsabiqəsi ilə bağlı tədbir keçirilib

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 4-cü qrant müsabiqəsi ilə bağlı 100-ə yaxın KOB subyektinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Fins.az xəbər verir ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş 4-cü qrant müsabiqəsi ilə bağlı məlunatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

100-ə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər (bit.ly/3YB1x2F).

Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd qəbulu 14 avqustdan başlayıb və 13 sentyabr saat 18:00-dək davam edəcək. Müsabiqənin nəticələri barədə məlumat 15 noyabr 2023-cü il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.  

Tədbir zamanı bildirilib ki, müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOB inkişaf mərkəzlərinin (KOBİM) ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən də yararlana bilərlər.