BİZNES

11 Avqust

Yeddi ayda əsas kapitala 9 milyard manatdan çox vəsait yönəldilib

2023-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 114,9 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 5045 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 3600,5 milyon manatı (39,5 faizi) xidmət sahələrinin, 469,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 877,5 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 679,0 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 faiz, büdcə vəsaitləri 39,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3 faiz, digər vəsaitlər isə 5,9 faiz təşkil edib.

Leyla Fikrətqızı
Fins.az