2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 mlrd ABŞ dolları təşkil edib.
Bu barədə Fins.az-a Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına çatıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2023-cü ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 30 7,6 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına çatıb. 2023-cü ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü olub. 2023-cü ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40 ,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.
Leyla Fikrətqızı
Fins.az