BİZNES

11 Avqust

Elektron ticarətdə yeni yanaşma – Sənan Həsənov

“Wegros” platformasının CEO-su Sənan Həsənovun Fins.az-a müsahibəsi.

- “Wegros” platformasının əsas iş prinsipi və fəaliyyəti nədən ibarətdir?

- “Wegros” platformasının əsas iş prinsipi məhsul və xidmət istehsalçılarının məhsullarını platformada yerləşdirərək satışını həyata keçirmək, eyni zamanda, məhsul və brendlər üçün icma formalaşdırmaqdan ibarətdir. İcma eyni maraqlar çərçivəsində bir araya gəlmiş şəxslərin toplusudur. İcmalar öz maraqları çərçivəsində platformada ünsiyyət quraraq, müzakirələr apararaq brend və xidmətlərlə bağlı məlumatlanmış olurlar. Eyni zamanda, platformadan fərqli icmalar da qeydiyyatdan keçə bilər. Onların marağında olduqları məhsullar onlara platforma üzərindən təqdim edilir.

- “Wegros” platformasından istifadə istehsalçı və istehlakçılara nə vəd edir, onlar nə qazanacaqlar?

- “Wegros” platformasından istifadə istehsalçılar üçün onların öz məhsul icmalarını, yəni müştəri bazalarını formalaşdırmaq və onu genişləndirmək, daha çox satış həyata keçirmək imkanı yaradır. İstehlakçılar isə bu platformadakı məhsullardan faydalana, icma yarada və alış-veriş edərək yüksək keşbek bonuslar qazana bilərlər.

- Əməkdaşlıq etdiyiniz partnyorlar hansı prinsiplər əsasında seçilir?

- Bizim üçün əməkdaşlıq etdiyimiz partnyorların vergi ödəyicisi olmağı çox önəmlidir. Çünki məhz bunun əsasında hər hansı bir istehsalçı şəxs, distribyutor şirkətin rəsmi olaraq fəaliyyət göstərməsi mümkündür. Eyni zamanda, əgər məhsullar xüsusi sertifikasiya və ya lisenziya tələb edirsə, bütün bu sənədlərin yerində olması vacibdir. Əlavə olaraq, həmin məhsulların sağlam qida olmasına xüsusi diqqət yetirilir. Əgər həmin məhsul sağlamlığa zərərlidirsə (məsələn siqaret, spirti içkilər və s.), platformada yerləşdirilmir. Digər əsas prinsiplərdən biri isə həmin məhsul və xidmətin istehlakçı bazasına faydalı olmağıdır. Bunun üçün biz müştəri bazası ilə müvafiq sorğular keçirdirik, araşdırmalar aparırıq və məhz onların maraqlı olduqları məhsul kateqoriyalarını yerləşdiririk. Nəticədə istehsalçıları bu prinsiplər üzərindən seçirik.

- Məhsul və xidmətlərə olan tələbat hansı səviyyədədir?

- Platformada sağlam qida məhsullarına,  xüsusilə bal və bal məhsullarına tələbat daha yüksəkdir.  Eyni zamanda təbii, orqanik məhsullar, sağlamlıq və təmizlik məhsulları da tələbat olan sahələrdəndir. Həmçinin müştəri bazasının artması ilə tələbatın da yüksələcəyini düşünürük.

- Platformanın Türkiyə ilə əməkdaşlığı ölkə iqtisadiyyatına innovativ yeniliklər bəxş edirmi və ya bəxş edəcəkmi?

- Platforma həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərir. Türkiyədən əsasən tekstil məhsullarının Azərbaycan bazarında təqdim olunması üzərində hazırlıq işləri aparılır və ən qısa zamanda tətbiq ediləcək. Azərbaycan məhsullarının da Türkiyə bazarında təqdim olunması və satışını həyata keçirmək hədəfimiz var. Əsas innovativlik isə fərqli və keyfiyyətli məhsulların Azərbaycan bazarında satışa çıxarılması olacaq.

- Platformada ödənişlər kart vasitəsilə həyata keçirilir. Son vaxtlar isə belə proseslərdə dələduzluq halları aşkar olunur. Platforma istifadəçilərin təhlükəsizliyini necə qoruyur?

- Ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Hər hansı yanlışlıq və dələduzluq hallarının qarşısının alınması üçün ölkəmizdə fəaliyyət göstərən bir sıra ödəmə sistemləri ilə əməkdaşlıq edirik. Platforma daxilində heç bir kart məlumatı saxlanılmır. Bu da kart məlumatının hər hansı bir yolla başqaları tərəfindən ələ keçirilməsinin qarşısını alır. Yüksək səviyyəli ödəniş sistemləri sayəsində ödənişlər tam təhlükəsiz şəkildə həyata keçirilir.

- “Wegros” platformasını digər bu əsaslı şirkətlərdən fərqləndirən hansı özəlliklərdir?

- Bizi digər şirkətlərdən fərqləndirən ən vacib üstünlük platformanın icma əsaslı olmağıdır. İcmalarda hər kəs öz marağına uyğun şəkildə toplaşır. Platformada icmalar yaradılır, yaxud brendlərin öz icmalarını formalaşdırmaqlarına kömək edirik. Beləliklə, istehsalçının satış həcmi artır. Üstəlik platformada bonus sistemi mövcuddur ki, istifadəçilər həm öz alışlarından, həm də öz icmalarının alışlarından əlavə bonuslar qazana bilər. Bu da platformanı digərlərindən fərqləndirən özəlliklərdəndir.

- Yaxın gələcəkdə platforma hansı yenilikləri tətbiq edəcək?

- Hazırda platformanın yeni versiyası üzərində iş gedir. Platformada ünsiyyət imkanlarının daha da yaxşılaşdırılması üçün kommunikasiya vasitələrinin təkmilləşdirilməsi gözlənilir. Yeni versiyada bu artıq tətbiq olunacaq. Bonus sistemi mexanizminin də daha inkişaf etdirilmiş formada tətbiqi planlaşdırılır. Həmçinin yeni versiyada Türkiyənin, xüsusilə, tekstil məhsulları yer alacaq.

“Wegros” icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran “Wegros” platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.

//wegros.com

Fuad Mədətov
Fins.az