BİZNES

10 Avqust

Əsas kapitala yönəldilmiş vəsaitlər 21%-ə yaxın artıb

2023-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9114,9 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çox vəsait yönəldilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 5045,0 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 3600,5 milyon manatı (39,5 faizi) xidmət sahələrinin, 469,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6877,5 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6679,0 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 faiz, büdcə vəsaitləri 39,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 5,9 faiz təşkil edib.