BİZNES

10 Avqust

Orta aylıq əmək haqqı 12% artıb

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,5% artaraq 922 manat təşkil edib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və yaxud 0,3% artaraq 1 725,5 min nəfər olub. Onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3%-i tikinti, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.