“RA-Miles Travel” şirkətinin təsisçisi və direktoru Ramilə Arifzadənin Fins.az-a müsahibəsi.
- Şirkətin nə zaman yaranıb və iş prinsipiniz nədən ibarətdir?
- Biz “RA-Miles Travel” olaraq 2019-cu ildən fəaliyyət göstəririk. 2020-ci ilin fevral ayından tam olaraq fəaliyyətə başlamışıq. Fəaliyyətimizin ilk ayından sonra pandemiya başladı. Pandemiyadan sonra isə addım-addım işləməyə başladıq. Çalışırıq ki, daxili turizmin inkişafına təkan verək. Digər planımız xaricilərin Azərbaycana gəlişinin artırılmasına hesablanmış addımdır. Fəaliyyət sahəmizə otel, tur paket, viza dəstəyi, aviabletlərin satışı, transfer və s. daxildir. Dünyanın bütün ölkələrinə satışlar təşkil edirik.
- Postpandemiya dövründən sonra və ya pandemiya vaxtı ilə müqayisədə şirkətin durumu nə yerdədir?
- Özümüzə görə normal ortamda qalmışıq. Heç bir borc öhdəliyimiz yoxdur. Etibar və güvən qazandığımız üçün çox rahatam. Gəlirdən öncə adımızı qoruyub saxlamışam. Çünki hazırda çox sayda saxta şirkətlər yaradılıb və insanları aldatmaqla məşğuldurlar. Zaman gəldikcə ya məni, ya da müştərini aldadırlar. Bəzi müştərilər biletləri ucuz almaq istəyir. Amma bu ucuzun digər tərəfini bilmirlər. Hazırda eyni problem demək olar ki, portnyorlar arasında da var. Bizim sistemlərin bizə verdiyi tur paketlərin öz komissiyası var. Düzdür, ciddi komissiya deyil, amma biz onu belə ala bilmirik. Misal üçün, müştəri endirim istəyəndə, həmin endirim bizə ayrılan məbləğdir. Burada nə otel, nə də hava yolu, nə də ki digərləri endirim edirlər. Amma biz məcburən endirim edirik. Biz onlayn üzərindən satış etmirik, sırf sistem üzərindən olunur.
- Daxili, yoxsa xarici turizmə təlabat çoxdur?
- Daxili turizmlə bağlı vəziyyət çox bərbad gündədir. Biz 5 ulduzlu otellərlə müqavilə bağlamışıq. Bir müddətdən sonra görürsən ki, gedib bizim müştərilərə bizdən ucuz qiymətlər təklif edirlər. Bizə verdiyi korporativ qiyməti və yaxud ondan aşağı qiyməti müştəriyə təqdim edib. Müqavilə şərtləri ilə düşünsək, bu iş birbaşa məhkəməlikdir. Çox yanlış addımdır ki, bəzi otellər də bunu edirlər.
Rəqabət çox yüksəkdir. Turizm şirkəti ölkədə daha çoxdur. Hətta evində oturub işləyənlər də var. Onların xərci çıxmır deyə daha ucuz şəkildə fəaliyyət göstərirlər. 10 manat qazanırsa, həmin məbləğ özünə qalır. Daha əlavə xərcə ehtiyac olmur.
- Bu məsələlərdə çıxış yolu nədə görürsünüz?
- Çıxış yolu nəzarətdədir. Turizmlə məşğul olan insanlar qeydiyyatda olmalıdırlar. Sahibkar müəyyən qədər savadlı olmalıdır. Təhsilsiz insan cəmiyyətdən kənar olur. Bunu bilməlidirlər ki, biznesmen alverçi deyil. Çünki idarə etmək asan deyil və müştəri yola çıxdısa, evinə çatana qədər mən onun yanında olmalıyam.
- Səyahət sığortalarının mövqeyi nə yerdədir və bu barədə nə deyə bilərsiniz?
- Son dönəmdə qəbul olundu ki, turistlər sığortalanmalıdır. Bu bir məqamdır ki, başlarına iş gələndə sığorta həll olunsun. Sığortanın qiyməti də baha deyil, 10-20 manat arası dəyişir. Bu sığorta növünə maraq çox azdır. Kütləvi hal alması üçün isə təbliğat lazımdır.
- Viza proseslərində nə kimi çətinliklər çəkirsiniz? Ümumiyyətlə, bu sahədə problemlər nədən ibarətdir?
- Azərbaycanlıların ən çox marağında olan Şengen vizalarıdır. Hansı ölkəyə gedəcəklərsə, mütləq həmin ölkənin vizası olmalıdır. Əvvəllər istədiyin Şengen ölkəsinə gedə bilirdin. Amma indi Almaniya üçün Şengen vizası alırsansa, yanız bu ölkəyə gedə bilirsən. AZAL-ın bilet qiymətləri bahadır deyə insanlar birbaşa getmək istəmir. Bu səbəbdən, son bir ayda 20-dən çox müştərinin işini görə bilməmişik.
Avropanın hər yeri tarixdir, gəzməli yerdir. İnsanlar ən çox İtaliyanı sevirlər. Çünki bu ölkə daxil, ümumiyyətlə, Avropa ölkələrinin həm təbiəti rəngarəngdir, həm də aktiv istirahəti fəaliyyətdədir. Ona görə də, İtaliyaya təlabat çoxdur.
- Qeyd etdiniz ki, ciddi bir problem var. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmisinizmi?
- Mən yox, amma bizim həmkarlarımız müraciət edib. Bunu həll etməyin çox rahat yolu var.
- Xarici turistlərin ölkəyə gəlməsində nə kimi işlər görürsünüz?
- Real olaraq buna başlamamışıq. Səbəbi isə otellərin normal qiymət verməməsidir. İnkaminqlə məşğul olan şirkətləri var ki, onlar Azərbaycana turistləri cəlb edirlər və turistləri VİP avtomobillərlə ölkəni gəzdirirlər.
- Şirkətinizin keçən ilə nisbətən bu ilki statistik göstəriciləri hansı səviyyədədir?
- Artımımız var. Hər ilk bu baş verir. Xırda problemlər olsa da, 20-30% artımımız olub. Amma bu qədər əziyyətin bəhrəsi bundan da çox olmalıdır.
Fuad Mədətov
Fins.az