BİZNES

07 Avqust

Yeni turizm obyektlərin yaradılması Azərbaycanda turizmin inkişafına müsbət təsirini göstərir – Rövşən Abdullayev

“Flyblast Travel” şirkətinin təsisçisi və direktoru Rövşən Abdullayevin Fins.az-a müsahibəsi.

- “Flyblast Travel” şirkəti haqqında məlumat verərdiniz.

- Şirkət 2016-cı ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət olaraq 3 filialımız var. Adından da göründüyü kimi, turizmlə məşğuluq. Bütün aviabiletlər, turpaketlər və viza dəstəkləri xidmətlərimiz mövcuddur.

- Şirkətin xidmətləri nədən ibarətdir?

- Turizmin bütün qolları üzrə xidmətlərimiz var. 2019-cu ildə ilin ən güvənli viza dəstəyi şirkəti seçilmişik. Düşünürəm ki, bu da bizim ən böyük uğurlarımızdan biridir.

- Nəzərə alsaq ki, ölkədə turizm şirkətləri çoxluq təşkil edir. Bu tendensiya rəqabət qabiliyətinə necə təsir edir?

- Bu günə qədər turizm şirkətlərində belə idi ki, rəsmi lisenziya olmalı idi, 2015-ci ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə turizmin inkişafı ilə bağlı lisenziya məsələsi ləğv olundu. Bu sərəncamdan sonra bu sahədə şirkətlərin sayı daha da artdı. Bütün sahədə olduğu kimi, turizm sahəsində də sayın artması qiymətlər üçün də rəqabətin armasına gətirib çıxardı. Düşünürəm ki, işini düzgün aparan şirkət üçün heç bir problem yoxdur.

- Bazarda qiymət tənzimlənməsi hansı üsulla aparılır?

- Agent olduğumuz üçün öz qazancımızı hava yollarından alırıq. Qiymət tarifləri buna görə hesablanır. Hazırda bununla bağlı rəsmi bir strategiya yoxdur.

- Postpandemiya dövründən sonra Azərbaycan iqtisadiyyatında müəyyən bir dəyişikliklər və irəliləyişlər oldu ki, bu da bütün sektora öz müsbət təsirini göstərdi. Eyni zamanda, bu, turizm bazarına da təsirsiz ötüşmədi. Bəs bu proses sizin işinizə necə təsir göstərdi?

- Sizin verdiyiniz sualda daha çox inkaminqlə (gəlmə) işləyən turizm şirkətlərə müsbət təsirini göstərdi. Arkonq proqramı ilə  çalışdığımız üçün biz xaricə istirahətlə bağlı turist göndəririk. Çalışırıq ki, inkaminqlə də müəyyən xidmətlər göstərək. Ümumiyyətlə, dəyişikliyin bütün şirkətlərə müsbət təsiri var.

- Ölkə daxilində turlar çox bahadır. Bununla bağlı nə deyə bilərsiniz?

- Burada bir çox amillər var. Türkiyədə milli valyutanın-lirənin dəyərdən düşməsindən sonra turpaketlərdə bahalaşma olur, bu da yerli turlara təsir edir.

- Ölkədə kiçik və orta biznes sahibkarların çoxluğunu nəzərə alsaq, bütün bunların fonunda sahələr müəyyən problemlərlə üzləşir. Bəs sizin sahəniz nə kimi problemlərlə üzləşir?

- Turizm bazarı digər sahələrdən fərqlənir. Bizdə əsasən təbii fəlakət səbəb olur. Misal üçün, Türkiyədə baş verən zəlzələdən sonra insanlar Türkiyəyə getməkdən çəkindilər. Bu da bizim sahəyə mənfi təsir göstərdi. Amma bu, çox qısa bir müddətdə oldu və işlər öz qaydasına düşdü. Biz pandemiyanı fürsətə çevirdik. Üzrərində işlədik və bizim üçün artımla müşəhidə olundu. Bugünkü gün vaxt o qədər azdır ki, çatdırıb işləri düşünmək olmur.

- Kənd təsərrüfatının inkişafını nəzərə alsaq, burada ekoturizm əsas götürülür. Bu sahədə nə kimi dəyişiklər oldu?

- Bizdə ekoturizmlə bağlı daxili turlar oldu. Bu da 1-2 gün çəkdi. Demək olar ki, daxili turları o qədər də işləməmişik. Amma daxili turlarla bağlı çox böyük potensial var. Misal üçün, Naxçıvanda safari turları yaratmaq mümkündür və yaxud Gədəbəydə isə gözəl təqdimatlar keçirmək üçün istənilən şərait var. Bu minvalla bir çox rayonlarımızın adını çəkmək olar.

- Dövlət Statistika Komitəsi bu il daxili turizmin inkişafında artım olduğunu açıqladı. Bu artım tempi işlərinizdə öz təsiri göstərdi?

- Müəyyən məsələdə vizanın asanlaşdırılması, daxili turizmdə yeni otellərin, yeni turizm obyektlərin yaradılması və ən əsası təbliğatın aparılması Azərbaycanda turizmin inkişafına da müsbət təsirini göstərdi. Əlbəttə ki, bu da bizim şirkətdə öz müsbət təsirini göstərmiş oldu. Turizm hər zaman maliyyə ilə bağlı iş olub. Çünki əmək haqqı elədir ki, bu qazancAzərbaycan ailələrinin səyahət etməsinə çətinlik yaradır. Amma bazarı rəqabətlə tənzimləsələr, qiymətlər daha da münasib olar və istənilən şəxs ailəsi ilə istirahətə yollana bilər. Bu da həm iş baxımından, həm də sosial baxımından öz təsirini göstərəcək.

- Şirkətinizin keçən ilə nisbətən bu il maliyyə göstəricilərində artım, yoxsa azalma olub?

- Bir müddət əvvəl statistikalarımızı nəzərdən keçirdik. Şirkətin gəlirlərində keçən ilə nisbətən bu il ən azı 60-70% artım müşahidə olunub. Düşünürəm ki, düzgün istiqamətdəyik. İnşallah, gələn il daha da güclü şəkildə davam edəcəyik.

Fuad Mədətov
Fins.az