BİZNES

04 Avqust

Sahibkarlar üçün iş smart texnologiyasından keçir - Aqil Ömərli

“Smart Control Home and Building Automation” şirkətinin rəhbəri Aqil Ömərlinin Fins.az-a müsahibəsi.

- Şirkət haqqında məlumat verərdiniz. Ümumiyyətlə, şirkətin əsas fəaliyyət istiqaməti nədir?

- Şirkətimiz 2015-ci ildən fəaliyyət göstərir. Fəaliyyət istiqəmətimiz yenilənən dünyanın tələbinə uyğun olaraq texnoloji avadanlıqların istifadəsindən ibarətdir. Dünyada necədirsə, biz eynilə onu Azərbaycanda da tətbiq edirik. Bu sistemlərin qurulmasında məqsəd insanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, bu sistem həm insanların vaxtının daha səmərəli keçməsinə səbəb olur, həm də təhlükəsizliyini təmin etmiş olur. “Smart Control Home and Building Automation” Azərbaycan bazarında lider şirkətdir.

- Şirkətin xidmətləri nələrdir və məhsullarınızı necə əldə edirsiniz?

- Xidmətlərimiz əsasən mənzillərdəki cihazların ağıllı evlərə daşınmasıdır. Artıq bununla siz evdəki bütün cihazları mobil tətbiq vasitəsi ilə idarə edə bilirsiniz. Bura havalandırma, soyutma, isitmə, təhlükəsizlik və digər bunun kimi cihazlar daxildir. Hazırda ağıllı bina layihələri həyata keçiririk. Artıq müasir dövrün tələblərinə uyğun olaraq, biometrik proqramlarla evimizə daxil ola bilirik. Bura barmaq izi, üz tanıma və başqa xidmətlər daxildir. Artıq bu texnologiyalardan istifadə edərək, yaşayış binalarında məlumatların və bildirişlərin alınması tipli layihələri həyata keçirə bilirik. Artıq bu işləri genişləndirməyi düşünürük. Zəlzələ baş verməzdən 10 saniyə əvvəl bütün cihazlara məlumat göndərə bilirik. Bu da insanların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır.

Məhsulları dünyanın 20-yə yaxın ən böyük şirkətindən əldə edirik. Onun da bir hissəsinə xaricdən fiziki şəxs olaraq sahib oluruq. Proqramlaşdırılma isə dövlət və buradakı komandamız tərəfindən həyata keçirilir. Düşünürük ki, yaxın zamanda bu məhsullarla xarici bazarda şirkətimiz adından ölkəmizi təmsil edə biləcəyik.

- Hansı ölkələrin şirkətləriylə əməkdaşlıq edirisiniz?

- Avropanın bir neçə şirkətləri ilə əməkdaşlıq edirik. Bura Xorvatiya, İspaniya və İtaliya kimi ölkələrin şirkətləri daxildir. Eyni zamanda, Çin və ABŞ-la da böyük əməkdaşlığımız var. Bu şirkətlərlə qarşılıqlı böyük layihələr həyata keçiririk. Azərbaycana daxil olan məhsulların standartlaşdırılmasını və proqramlaşdırılmasını həyata keçiririk. Bütün bunlar şirkətimizin baş mühəndisləri və proqramistləri tərəfində yüksək səviyyədə həyata keçirilir. Ötən il ölkədə və dünyada analoqu olmayan bir layihə həyata keçirmişik. Bu layihə fiziki məhdudiyyətli şəxslərin biometrik cihazlarla həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmışdı. Yəni onların təhlükəsizliyinə xidmət edən layihədir. Bu kimi layihələri də Amerika və Avropada qlobal bazarlara çıxartmağı düşünürük.

- Digər bir məsələ isə smart texnologiyaların ölkəmizdə fəaliyyəti elə də geniş bir zamanı əhatə etmir. Dünyada xeyli müddət olmasına baxmayaraq, Azərbaycanda indi-indi genişlənməyə başlayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu texnologiyaların gəldiyi yer əsasən ABŞ və Avropa ölkələridir. Çünki bu ölkələrdə bununla məşğul olan startap və proqram təminatlı xüsusi şirkətlər var. Statistikaya nəzər salsaq, ABŞ-da bazarın 75%-i, Avopada isə 50%-dən çox təşkil edir. Bu da onu göstərir ki, texnologiyalar açıq və rahatdır. Onların bir məhsulları bazara çıxdığı zaman onun kommunikasiyası çox rahat həyata keçir. Bu da məhsulu əldə edərkən qorxu hissinin olmayacağına dəlalət edir. Bu gün zamanın tələbi nədirsə, onu da tətbiq edirik. Amma Azərbaycan cəmiyyətində texnologiyalarla bağlı bir mif mövcuddur. Bu mif də bitmək üzrədir. Çünki texnologiyalar günü-gündən inkişaf edir. Əgər biz də dünyanın qlobal şirkətlərində yer almaq istəyiriksə, bu texnologiyaların qoşulma imkanlarını tezləşdirməliyik. Təəssüf ki, bizim ölkədə standartlaşdırılma qaydaları yenilənmir. Artıq yeni texnologiyaya keçid dövrü tələb olunmalıdır. Bir sözlə, yeni tikililər, məktəblər və sair infrasturukturlar yeni tələblərə cavab vermiş olsun və bu da gənclərimizin daha da inkişaf etməsinə gətirib çıxaracaq.

- Smart texnologiyaların Azərbaycanda təlabat səviyyəsi hansı yerdədir?

- Bilirsiniz ki, cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarda “Ağıllı Kənd” adlı şəhərcik layihəsini həyata keçirib. Ölkə rəhbərliyinin bunu gündəmə gətirməsi və bu texnologiyalara keçidin sürətləndirilməsi bu sahəyə marağı daha da artırdı. Biz hamımız başa düşürük ki, bu məhsulları daha tez sahiblənmək üçün bu bazara inteqrasiyanı axtarıb tapmaq lazımdır. Ümumi təlabət səviyyəsi elə də ürəkaçan deyil. Bunun da səbəbi maarifləndirilmənin az olmasında görürəm.

- Smart texnologiyasında sahibkarlar nə kimi yararlana bilərlər?

- Sahibkarlar üçün iş smart texnologiyasından keçir. Demək olar ki, bugünkü gün sahibkarlar smart texnologiyasından istifadə etmək məcburiyətindədirlər. Smart texnologiyası sahibkarlar üçün həm keyfiyyətli iş ortaya qoymuş olur, həm də zaman itirlməsinin qarşısı alınır, həm də ki daha çox pul qazanmaq imkanı yaranır. Bu gün müşahidələrim əsasında şahidi oluram ki, turizm sahəsində smart texnologiyası baxımından kasıbçılıq mövcuddur. Sahibkarlar bunun üzərində işləyib yeni texnologiyalara açıq olmalıdır. Hələlik çox boşluq var. Əgər onlar bunu tətbiq edə bilsələr, daha çox satış və pul əldə etmiş olacaqlar.

- Smart texnologiyasının cəmiyyətə təsiri haqqında nə deyə bilərsiniz? İnsanlar fərdi olaraq bu texnologiyalardan necə yararlana bilərlər?

- Kağız kartlar artıq tarixə qovuşur. Dərialtı çiplər var, hansı ki, əlinizi aparata yaxınlaşdırmaqla alış-veriş etmiş olursunuz. Bəzi insanlar deyir ki, həmin texnologiyaralar nəyə lazımdır? Bu, tənbəllikdir! Artıq burada problem cəmiyyətdə deyil, insanların şüurlarındadır. Biz bu düşüncələri dəyişməliyik. Azərbaycan Qafqazın ən imkanlı ölkəsidir. Bütün bunları nəzərə alaraq, biz nəyə görə bu texnologiyalardan istifadə etməyək və yaxud nəyə görə bizim ölkədə bu kimi startaplar təşkil edən şirkətlər olmamalıdır?

- Şirkətiniz bu vaxta qədər nə kimi uğurlar əldə edib?

- 2015-ci ildən bəri şirkətimiz qurulub. İlk 3 il ərzində çox əziyyət çəkmişik. Demək olar ki, çox az sayda müştəri əldə etmişik. Amma artıq son illərdə şahidi olduq ki, smart texnologiyasına daha da maraq artıb və insanlar yavaş-yavaş bu texnologiya ilə tanış olmağa başlayır. Yəni insanların bu texnologiyalara adaptasiya prosesi sürətlənir. Amma hələ də istədiyimiz yerdə deyilik. Təbii ki, bu da bizim seçimlərimizdən asılıdır. Texnologiya elə bir sahədir ki, hər il yenilənir. Bəzən elə olur ki, bizim bunları görməyə belə gücümüz çatmır. Bu gün Azərbaycan bazarında ilk şirkətik ki, kompleks idarəetmə metodlarını gətirmişik. Artıq sahibkarları başa sala bilmişik ki, bir binanı, bir oteli idarə etmək istəyirsənsə, smart sistemlərə açıq olmalısan. Təbii ki, bu, bizim uğurumuzdur. Komandamız gecə-gündüz yenilikləri öyrənirlər, xaricdə seminarlarda iştirak edirlər. Bu, bizim şirkət olaraq da uğurumuzdur ki, komandamız da günü-gündən inkişaf edir. Güman edirəm ki, artıq ölkə üzrə daha böyük layihələri bizə həvalə edə bilərlər. Hazırda vəziyyət qeyri-stabildir. Bazarın artımağa, yaxud azalmağa doğru getdiyini bilmirik.

Fuad Mədətov
Fins.az