“Bravotech” şirkətinin satış rəhbəri Umnisə Musabəyovanın Fins.az-a müsahibəsi.
- “Bravotech” şirkətinin əsas iş prinsipi, xidmətləri və məhsulları nədir?
- Şirkətimiz təhlükəsizlik sistemləri və ağıllı çözümlərin həlli ilə məşğuldur. Ümumiyyətlə, İT sahəsinə aid olan bir çox seqmentdə xidmətlərimiz var. Təhlükəsizlik sistemləri deyildikdə, ilk bizim şirkətimiz yada düşür. Çünki demək olar ki, bu sahədə rəqibimiz yoxdur. Xidmət sahəmiz çoxşaxəlidir. Bura internet provayderliyi də daxildir. Bizə müraciət edən bütün müştərilərin büdcəsinə uyğun təkliflər verə bilirik.
- Texnoloji yeniklikləri və proqressiyanı əsas götürsək, həmçinin kiçik və orta sahibkarların çoxluğunu nəzərə alsaq, bu zaman ölkə iqtisadiyyatına nə kimi təkan verə bilərsiniz?
- Ölkə iqtisadiyyatı üçün nə isə etmişik desəm, yanlış olar. Bu sahə Azərbaycanda yenidir və təbii ki, tələb-təklif zəncirinə əsaslanan bir təcrübə yolumuz var. Amma yeni olmağımıza baxmayaraq, işinin peşəkarı və aşiqi olan gənc və yaradıcı heyyətimiz var. Onlarla əməkdaşlıq etmək bir zövqdür, çünki onlar da öz işlərini sevgi ilə görürlər.
Bu sahədə analitik zəka və kreativlik çox önəmlidir. Yəni biz standart çözümlər axtarmırıq, işimizi asanlaşdırmağa çalışmırıq. İnanıram ki, gələcəkdə Azərbaycanda, fəaliyyət göstərdiyimiz sahənin inkişafına dəstək ola bilərik. Gənclərin bu sahəyə marağını və həvəsini dəstəkləyən inkişaf proqramları hazırlaya bilərik. 2024-cü ildəki planlarımızın biri də budur. İnsan dünyada ən dəyərli resursdur - bu, bir faktdır. İnsan resursunun istənilən sahədə doğru yetişdirilməsi dövlətin inkişafına və onun büdcəsinə uzun dönəmli yatırım etmək deməkdir. Məqsədimiz bizim sahənin inkişaf etdirilməsidir. Çalışırıq ki, bu sahədə kifayət qədər maarifləncirici addımlar ataq.
Daha çox sahibkarlarla, iş adamları ilə əməkdaşlıq edirik. Bilirsiniz ki, şirkətlərlə bir çox məsələlər kağız üzərində (dədə-baba üsülu) həll olunur – İR hesabatları, müqavilələr və s. Bu isə öz növbəsində böyük israfa səbəb olur. Lazımsız prosedurlar var (işçilərin və ya qonaqların giriş-çıxış saatlarının imzalı qeydiyyatı kimi). Ağıllı sistemlər bu prosedurları dəfələrlə asanlaşdırır və şirkət büdcəsinə hiss ediləcək qədər dəstək verir və hamısını rahatlaşdırır. Girişə nəzarət sistemləri var. Üz tanıma, barmaq izi, kart və ya QR kodla məkana giriş-çıxış etmək üçün nəzərdə tutulub. Bu zaman heç bir nəzarətçi əməkdaşa ehtiyac yoxdur, rəflərə aylarla makulatura düzüb, sonra lazımi sənədi tapmaq üçün günlərlə əziyyət çəkməyə ehtiyac yoxdur. Doğru planlanmış bir sistem şirkət büdcəsinə ciddi qatqı deməkdir (çap maşınları, kağız, nəzarətçi və s. kimi əlavə xərclərə ehtiyac qalmır). Bir sözlə, ağıllı sistemlər istənilən biznes sahəsində öz yerini rahatlıqla tapa bilər.
İnsan resursu ilə işləmək çox çətindir. Burada psixoloji faktoru da göz önünə almaq vacibdir. Əgər bir mütəxəssisin anidən işdən ayrılması, yeni bir işçi tapılana qədər şirkətin ən az 3-4 ay zərərlə işləməyinə səbəb ola bilər.
Bir əməkdaş kimisə izinsiz və ya qeyri-qanuni şəkildə bir məkana daxil olmasına səbəb ola bilər. Amma demək olar ki, ağıllı nəzarət sistemlərində belə hallarla qarşılaşma mümkün deyil. Bütün təhlükəsizlik ifşaları anında yerinə yetirilir. Xeyli sayda məlumat nöqtələrinə, bir o qədər sayda məlumat ötürülür.
- Azərbaycanda məhsullarınıza və xidmətlərinizə olan təlabat səviyyəsi hansı yerdədir?
- Bu gün əslində tələb-təklifdə bunu yaşayırıq, amma bu, bir müddətlikdir. Hazırda çox sayda ağıllı sistem təminatı ilə məşğul olmağa çalışan şirkətlər var. Onların çoxu işini düzgün aparmayanlardır. Müştəri bu sahədə qiymət-keyfiyyət mütənasibini anlamaqda çətinlik çəkir. Məhz bu səbəbdən biz daim müştərilərimizi məlumatlandırırmağa çalışırıq. Müştəri kimlərlə və hansı şərtlərdə əməkdaşlıq edəcəyini dəqiqliklə bilməlidir.
Ağ Şəhərdə təmirdən çıxan evlərin 70%-i ağıllı sistemlərlə təhciz olunub. Amma yaxın zamanda bir çoxu aldığı qərarlardan peşmanlıq çəkəcək. Alınan sistem bahalı və ya uyğun qiymətə ola bilər, əsas işi həyata keçirən personaldır. Yəni “Papağı papaqçıya ver-hazırlasın” məsəli. Bu sahə inkişaf etməyə yeni başladığı üçün hər kəs “papaqçı” olmağa çalışır və bu səbəbdən də bizim kimi şirkətlərin etibarı bəzən sorğulanır.
- Şirkətin rəqabət qabilliyəti hansı səviyyədədir?
- Bizim rəqabət üçün çox böyük resursumuz var. Şirkət “AĞA holdinq”in nəzdnində fəaliyyət göstərir. Bu, bizim nə qədər güclü və güvənilir olduğumuzun göstəricilərindən biridir. Bizimlə rəqabət apara bilən 2-3 şirkət var. Amma heç bir şirkət bizimlə qiymət rəqabəti apara bilməz. Çünkü bizim qiymətlər realdır. Qeyd etdiyim kimi, bizim məqsədimiz bu sektoru inkişaf etdirməkdir.
- Yeni nəsil texniki göstəricilər və proqram təminatları sahibkarların və yaxud şirkət əməkdaşlarının, xüsusilə, istehlakçıların istifadəsi üçün nə dərəcədə uyğunlaşdırılıb?
- Əslində bu sistemlər bizim istehsalımız deyil. Bu sistemlər hamısı inkişaf etdiriləndə bizim ölkədən fərqli olaraq, insan faktorunun davranış psixologiyası nəzərə alınaraq inkişaf etdirilir. Bu sistemlər istənilən biznesin işini 70%-dək asanlaşdırır. Əgər iş adamları da bu sistemi layiqincə dəyərləndirə bilsələr, həm maddi, həm də mənəvi işlərini rahatlaşdıra bilərlər.
Normalda istifadə etdiyimiz məhsullar Türkiyə istehsalıdır. İstər Avropa olsun, istər ABŞ olsun bütün məhsulların istehsal etdiyi ölkə eynidir. Sadəcə üzərinə loqo vurulur. İstehsal ölkəsi hər zaman Çindir. “İphone” qiymətinə ağıllı ev sistemi təmin etmək mümkündür. Şirkətlərlə əməkdaşlıq etməyimizin səbəbi etibardır. Keyfiyyətsiz xidmət göstərən şirkətlər yavaş-yavaş sıradan çıxır. Artıq insanlar ikinci dəfə onlarla iş görmək istəmir.
- Şirkətin beynəlxalq münasibətləri haqqında nə deyə bilərsiniz və bu, sizin iş prosesinizə necə təsir edib?
- Ölkə daxilində daha sərgilərdə iştirak edirik. Ölkə xaricində isə sahəmizə aid sərgilərdə qonaq qismində iştirak edirik. Orada qarşılaşdığımız maraqlı çözümləri, texnologiyanı vətənimizə gətirib, burada həyat tərzimizə uyğunlaşdırararaq inteqrasiya etməyə çalışırıq. Bir sözlə, yerimizdə dayanmırıq, araşdırma üçün də təkcə internetdən istifadə etmirik.
Fuad Mədətov
Fins.az