BİZNES

02 Avqust

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33,8 milyard manat təşkil edəcəyi gözlənilir

2023-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10,1 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

Dövlət büdcəsinin gəlirlərinin 52,3 faizi və ya 17 milyard 739,7 milyon manatı neft-qaz sektorunun, 47,7 faizi və ya 16 milyard 150,8 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.

2023-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1 milyard 673,8 milyon manat və ya 11,6 faiz artması gözlənilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 faiz-bənd artaraq 47,7 faiz təşkil edəcək. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 987 milyon manatı və ya 44,2 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı və ya 17 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 11 milyard 737,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 857 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və ya 1,7 faizi sair gəlirlərin payına düşür.

Vergi orqanlarının xətti ilə daxilolmaların məbləği 14 milyard 987 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 585 milyon manat və ya 11,8 faiz çoxdur. Qeyd olunan vəsaitin 6 milyard 2 milyon manatı və ya 40 faizi neft-qaz sektorunun, 8 milyard 985 milyon manatı və ya 60 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcəkdir.

Neft-qaz sektoru üzrə daxilolmaların 33,3 faizini və ya 2 milyard manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 12,8 faizini və ya 767,0 milyon manatını neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 53,9 faizini və ya 3 milyard 235 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.