BİZNES

28 İyul

Yeni işə başlayan sahibkarlara riyaziyyatı yaxşı öyrənməklərini məsləhət görərdim - Rauf Rəhimov

“AR Metiz” şirkətinin təsisçisi Rauf Rəhimovun Fins.az-a müsahibəsi.
 
- Şirkət haqqında məlmuat verərdiniz. Ümumiyyətlə, şirkətin yerli və xarici bazardakı mövqeyini necə dəyərləndirirsiniz?
 
- “AR Metiz” şirkəti Azərbaycan Respublikası sözlərinin abreviaturasıdır və dəmir istehsalı deməkdir. Artıq 5 ilə yaxındır ki, fəaliyyət göstəririk. Yerli bazarda yeni bir layihə kimi fikirləşdim. Yerli bazarda nəyə ehtiyac olduğunu və satışı daha rahat ola biləcək məhsulları araşdırdıq. Beləliklə, araşdırmalarımız nəticəsində şurup istehsalının axtardığımız sahə olduğunu anladıq. Monitorinq çərçivəsində yerli və xarici bazarlar, yaxın bazarlardakı vəziyyət və sözügedən məhsula hansı səviyyədə tələbat olmasını öyrənmişik, istehsala başladıqdan sonra bizi nəyin gözlədiyi barədə təsəvvürlərimiz formalaşıb. Nəticə olaraq, öyrəndik ki, şurup istehsalının kökü Çinə gedib çıxır. Dünyada şurup istehsalında Çin öz məhsulları ilə xüsusilə seçilir. Orada şurupun istehsal mərhələləri müəssisələr arasında bölünür. Kimsə şurupun hazırlanması, kimlərsə bərkidilməsi, kimlərsə rənglənməsi ilə məşğul olurlar. Mən 10 gün Çində qalıb, zavodları müşahidə etdim. Harada, nəyi, necə istehsal edirlər, bütün bunları öyrəndim. 2 ilə yaxın manitorinq keçirildi. Təxminən 2022-ci ilin əvvəlindən istehsala başlamışıq və istehsal həcmini və potensialımızı hər ötən gün artırmağa davam edirik. İlk başlayanda balaca bir
sexdan başlamışdıq. İlk növbədə bu sahədə çətinlik işçilərlə bağlı oldu. Təbii ki, Azərbaycanda bu sahədə istehsalat olmadığı üçün onun ustasını da tapmaq asan deyildi. İşçilərin hamısına özüm öyrətməyə məcbur oldum. Biraz keçdikdən sonra xaricdən mütəxəssis gətirdik və o da öz bilgilərini işçilərimizlə bölüşdü. Beləliklə, sexi getdikcə genişləndirə bildik. İndiki zavodumuz ərazisi təxminən 1500 kv/m olar. Zavodda 36 dəzgahımız var. Ay ərzində istehsal gücümüz 30-50 tondur. İndi zavodda 30-a yaxın əməkdaşımız var. Daxili bazarda təlabat 1000 tondursa, biz onun 30-50 tonunu istehsal edə bilirik. Hazırda müəssisəmiz Balaxanıda yerləşir. Ancaq İqtisadiyyat Nazirliyi tərəfindən “AR Metiz”ə Hacıqabul Sənaye Məhəlləsində 5 min kvadratmetrlik yer ayrılıb. Növbəti bir il ərzində biz oranı tikməliyik. Bundan sonra isə zavodumuz Hacıqabul Sənaye Məhəlləsinə köçəcək.
 
 
- Şurup istehsalında xammalın təmin olunması haqqında nə deyə bilərsiniz? Hazırda şirkətinizdə daxili bazarın təlabatını ödəyəcək qədər xammal var?
 
- Xeyr, daxili bazarda xammal yoxdur. Yerli bazar kifayət qədər, düşündüyümüzdən dəfələrlə böyükdür. Burada perspektiv böyükdür. Hazırda Rusiya, Çin, Türkiyədən çox az miqdarda gəlir. 2021-ci ildə karantin vaxtında bu işlərlə məşğul olmaq çox çətin idi. Belə bir çətin dövrdə çinlilərin 1 aya etdiyi işi, biz 1 ilə etmişdik.
 
 
- Bilirik ki, şuruplar təmir üçün kiçik, amma önəmli detallardır. Ölkəmizdə bu sahədə çalışan mütəxəssislərin az olduğunu nəzərə alsaq, tikinti sektoruna olan keyfiyyət göstəricilərini necə qiymətləndirirsiniz?
 
- Burada özümüz üçün kurs kimi yer yaratmışıq ki, gələn işçilərə bu işin əsas əlifbasını öyrədək. 4 imtahan növü var. Hazırda zavodda işləyənlərin hər biri Azərbaycan vətəndaşlarıdır. Biz xaricdə bu sahədə çalışan və təcrübəyə malik azərbaycanlıları taparaq onları ölkəmizə qaytardıq. Həmin təcrübəni onlar da yeni işçilərimizlə bölüşürlər. Onlar bir neçə ustalıq səviyyəsi üzrə imtahanlar verərək, müəyyən kateqoriyaya qədər yüksəlir, özlərini təsdiqləyirlər. Təlimlərin
müddəti 2-3 aya yaxın olur. Beləliklə, öz sahəmiz üçün işçi yetişdiririk. Keyfiyyətimiz maksimum dərəcədədir. Xarici bazardakı məhsullarla eyni keyfiyyətdə istehsal edirik. Zavodda hər bir saatdan bir istehsal olunan məhsulun keyfiyyəti yoxlanılır.
 
 
- 2023-cü ilin ilk rübündə şurupların satışı ən çox hansı aylar ərzində olub?
 
- Satışlarımız il ərzində hər zaman olur. Çünki təlabat var. Amma yay mövsümündə təmir mövsümü olduğu üçün ən çox satışlarımız da məhz bu aylardadır.
 
 
- İstehsal etdiyiniz sahə elə bir sahədir ki, məhsullarınız müddətsizdir. Bu sahədə iş qurmaq istəyən sahibkarlara nə məsləhət görərdiniz? Ən çox nələrə diqqət edilməlidir? Yaxın gələcəkdə bu sahənin inkişafı üçün sizin planlarınız nədir?
 
- Əsas ilk növbədə özləri üçün monitorinq keçirməlidirlər. Məhsulu satış edəcəkləri kanalları öncədən hesablamalıdırlar. Dəzgah almaq asandır, amma iş qüvvəsi yetişdirmək çətindir. İşçi qüvvəsini düşünmədən bu işə başlamaq çox çətin olar. Ümumiyyətlə, yeni işə başlayan sahibkarlara riyaziyyatı yaxşı öyrənməklərini məsləhət görərdim. Çünki bu işlərdə ən əsas düzgün sayı bilmək, şirkətin gəlir və xərclərini düzgün hesablamaqdır.
 
 
- Neçə illik fəaliyyətinizə dayanaraq, biznes sahəsində qarşılaşdığınız problemlər və onların həll yolları ilə bağlı fikirlərinizi bölüşə bilərsinizmi?
 
- O qədər də qlobal bir çətinliyimiz olmayıb. Satışlarımız fəaliyyətə başladığımız müddətdən bu yana rəsmi şəkildə qeydiyyatdan keçir. İşçi qüvvəsindən başqa qarşılaşdığım böyük bir problem olmayıb.
 
Leyla Fikrətqızı
Fins.az